AZ

Kevin Kampl “Leypsiq”lə vidalaşmağa qərar verdi – Səbəb – ARENA.AZ

Futbol üzrə Sloveniya millisinin və “Leypsiq”in mərkəz yarımmüdafiəçisi Kevin Kampl Almaniya klubundan ayrılmağa qərar verib.

Arena.az bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Klubun yaydığı məlumatda vurğulanır ki, bu qərar 35 yaşlı futbolçunun şəxsi müraciəti ilə verilib. Bildirilir ki, Kamplın belə bir addım atmasına ailəsində baş verən hadisələr səbəb olub. Oktyabr ayında qardaşını itirən və hazırda atası ağır xəstəlikdən əziyyət çəkən futbolçu karyerasına ara verərək vaxtını ailəsi ilə keçirmək istəyir.

Klub rəhbərliyi sloveniyalı oyunçunun ailəsində yaranmış çətin vəziyyəti nəzərə alaraq onun müqaviləyə xitam verilməsi barədə xahişini anlayışla qarşılayıb. Razılaşmaya əsasən, sözləşmə 2026-cı il yanvarın 31-dən etibarən qüvvədən düşmüş sayılacaq.

“Leypsiq” rəhbərliyi kluba verdiyi töhfələrə görə Kampla xüsusi vida mərasimi təşkil edəcək. Bu mərasim yanvarın 17-də Bundesliqa çərçivəsində “Bayern”lə keçiriləcək oyun zamanı baş tutacaq.

Xatırladaq ki, Kevin Kampl 2017-ci ilin avqust ayında “Bayer”dən 20 milyon avro müqabilində “Leypsiq”ə transfer olunub. O, sözügedən klubun heyətində indiyə kimi 283 oyuna çıxıb, 10 qol vurub, 23 məhsuldar ötürmə verib.

Kampl daha öncə “Bayer”dən başqa “Qroyter”, “Osnabrük”, “Aalen”, “Zalsburq”, “Borussiya” (Dortmund) kimi klubların da formasını geyinib. Təcrübəli yarımmüdafiəçi Sloveniya milli komandasında keçirdiyi 28 oyunda 2 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
69
39
arena.az

10Mənbələr