“Qarabağ” Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev azərbaycanlı məşqçi Etibar İbrahimov ilə birlikdə OBASA Oyunları 2025 turniri çərçivəsində Nigeriyaya səfər edib.
İdman.Biz xəbər verir ki, Aftandil Hacıyev səfər müddətində bir həftə ərzində turnirin yarımfinal və final mərhələlərini izləyib.
Səfərin əsas məqsədi istedadlı gənc futbolçuları müşahidə etmək, onları analiz etmək, yerli məşqçilərlə görüşlər keçirmək, həmçinin “Qarabağ” Futbol Klubu haqqında ümumi məlumat vermək, akademiyanın metodologiyası, iş prinsipləri və inkişaf modeli barədə ətraflı müzakirələr aparmaq olub.
Turnirdən sonra U19 komandaları arasında seleksiya xarakterli oyunlar da izlənilib. Aparılan müşahidələr nəticəsində 8 futbolçunun çıxışı müsbət qiymətləndirilib və onların gələcəkdə Azərbaycana dəvət olunması ilə bağlı ilkin müzakirələr aparılıb.