Venesuelanın Türkiyədəki səfiri Qutierrezin son bəyanatı və Türkiyə Xarici İşlər Nazirliyinin bu hadisələrə rəsmi münasibəti regionda yaranmış gərginliyin diplomatik miqyasını göstərir. 3 yanvar 2026-cı il tarixində paytaxt Karakasda baş verən partlayışlar və Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsi xəbərlərindən sonra rəsmi Ankara ilk mövqeyini açıqlayıb.
Milli.Az xəbər verir ki, Venesuelanın Ankara səfiri Qutierrez ABŞ-nin hərbi müdaxiləsini qətiyyətlə pisləyərək Türkiyəyə müraciət edib. Səfir Türkiyənin bu "təcavüzkar addımı" rəsmən pisləməsini gözlədiklərini vurğulayıb.
Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən verilən yazılı açıqlama diplomatik, lakin ehtiyatlı bir ton daşıyır: "Venesuelada baş verən son hadisələri yaxından izləyirik."
Türkiyənin Venesuelanın sabitliyinə və xalqının rifahına böyük önəm verdiyi bildirilib.
Mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizlik baxımından mənfi nəticələr doğurmaması üçün bütün tərəflər təmkinli davranmağa çağırılıb.
Nazirlik böhranın beynəlxalq hüquq çərçivəsində həlli üçün hər cür konstruktiv kömək göstərməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Venesuelaya qarşı "Cənub Mizrağı" (Southern Spear) əməliyyatı çərçivəsində genişmiqyaslı hücum əmri verməsindən sonra paytaxt Karakasda strateji nöqtələr bombalanıb.
Ölkədə fövqəladə vəziyyət elan edilib.
Lalə Qüdrətova
Milli.Az