Bakıda təcili tibbi yardım avtomobili kuryeri vuraraq öldürüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində baş verib. Məlumata görə, təcili tibbi yardım avtomobili ilə motosiklet toqquşub. Toqquşma nəticəsində motosikletin 24 yaşlı sürücüsü, Mehdi adlı şəxs hadisə yerində həyatını itirib.
Şahidlərin sözlərinə görə, qəza zamanı təcili tibbi yardım avtomobili hərəkətdə olub və xəstə aparırmış. Motosiklet isə yolun kənarında dayanıbmış. Toqquşma nəticəsində təcili tibbi yardım avtomobilinin sürücüsü də ağır xəsarətlər alıb.
Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin iki xilasedici texnikası cəlb olunub. Sıxışıb qalan motosiklet sürücüsünün cansız bədəni və xəsarət alan təcili yardım avtomobilinin sürücüsü xilasedicilər tərəfindən çıxarılıb.
Ərazidə çəkiliş apardığımız zaman həlak olan kuryerin dostu da orada idi. O, həlak olan şəxsin əslən İsmayıllı rayonundan olduğunu və çatdırılma xidmətində çalışdığını bildirdi. Vəfat edən kuryer yeni ailə həyatı qurubmuş.
Məsələ ilə bağlı TƏBİB-dən isə bildirilib ki, yol-nəqliyyat hadisəsi təcili tibbi yardım briqadası gecə saat 01:00 radələrində Nəsimi rayonunda çağırışa gedərkən baş verib. Hadisə nəticəsində təcili tibbi yardım heyətinin 3 üzvü müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub: “Təəssüf ki, qəza zamanı motosiklet sürücüsü hadisə yerində həyatını itirib”.
Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri araşdırmadan sonra məlum olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.