Almaniyanın “Borussiya” (Dortmund) klubunun mərkəz yarımmüdafiəçisi Paskal Qross yenidən sabiq komandası “Brayton”a qayıdıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
“Brayton” bu keçid üçün “Borussiya”ya 2 milyon avro ödəyib. 34 yaşlı almaniyalı yarımmüdafiəçi ilə ilyarımlıq (2027-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.
Xatırladaq ki, Paskal Qross “Borussiya”ya 2024-cü ilin yayında 7 milyon avro müqabilində məhz “Brayton”dan keçmişdi. O, Dortmund klubunun heyətində 66 oyun keçirib, 1 qol və 17 məhsuldar ötürmə müəllifi olub.
Qross vaxtilə “Brayton”da 261 oyuna çıxıb, 32 qol vurub, 53 assist edib. O, karyerası ərzində “İnqolştadt”, “Karlsrue”, “Hoffenhaym” kimi klubların da şərəfini qoruyub.
Almaniyanın U-18, U-19 və U-20 yığmalarında da oynamış Qross 2023-cü ildə debüt etdiyi əsas millinin heyətində 16 oyuna çıxıb, 1 qolla yadda qalıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.
