AZ

Moskvanın bir “qalası” da yıxıldı: Müdafiə naziri öldü, prezident tutuldu – Nə baş verir?

ABŞ-ın Venesuelanın paytaxtı Karakasda desant əməliyyatı həyata keçirdiyi bildirilir. Nəticədə paytaxtda elektrik enerjisinin verilməsində problem yaranıb, müxtəlif ərazilərdə ard-arda partlayışlar baş verib. ABŞ Hərbi Hava Qüvvələrinin dəqiq hücumları nəticəsində Venesuela müdafiə nazirinin evinin hədəf alındığı və onun həlak olduğu deyilir.

Yerli mənbələrin bildirdiyinə görə, Karakas və ölkənin digər ərazilərində yerləşən hərbi bazalara daha bir neçə zərbə endirilib. Karakasın mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, Venesuela üzərində hava məkanı isə tamamilə bağlanıb. Həmçinin Prezident Nikol Maduro və xanımının ABŞ ordusunun əlinə keçdiyi açıqlanıb.

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Venesuela XXI əsrin əvvəlində Latın Amerikasında anti-Amerika siyasi platformasının və ideoloji diskursunun mərkəzi aktorlarından biri olub:

“Hugo Çaves dövründən etibarən Venesuela ABŞ-ın Qərb yarımkürəsindəki təsirinə qarşı alternativ siyasi xəttin simvolu kimi çıxış edib. Lakin davam edən  beynəlxalq sanksiyalar ölkənin həm daxili dayanıqlığını, həm də regional təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Bu gün Venesuelda mümkün hakimiyyət dəyişikliyi təkcə milli siyasi sistemin transformasiyası deyil, Latın Amerikasında ideoloji balansın və qlobal güc münasibətlərinin yenidən formalaşması baxımından da maraq doğurur.

Tramp üçün Venesuela ilk növbədə iqtisadi qaynaqlarına görə vacibdir. Ölkə dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malikdir. Bu resurs bazası ölkəyə nəzəri baxımdan uzunmüddətli fiskal dayanıqlıq və regional iqtisadi liderlik imkanı verir. Neftlə yanaşı, təbii qaz, qızıl və digər strateji xammal ehtiyatları Venesuelanın iqtisadi potensialını daha da genişləndirir”.

Politoloq bildirib ki, Venesuelada hakimiyyət dəyişikliyi Latın Amerikası üçün simvolik və praktiki əhəmiyyət daşıyır:

“Uzun müddət ərzində bu ölkə regionda ABŞ-a qarşı ideoloji xətti təmsil edən qüvvələr üçün həm maliyyə, həm də siyasi legitimlik mənbəyi olub. Xüsusilə enerji resursları hesabına həyata keçirilən regional əməkdaşlıq mexanizmləri bu ideoloji oxun davamlılığını təmin edib. Prezident Nikolas Maduronun hakimiyyətdən getməsi Latın Amerikasında sol ideoloji xətti təmsil edən siyasi elitalar üçün mühüm zərbə olacaq. Lakin, alt təbəqələrdə sol ideoloji xətti tamamilə aradan qaldırmayacaq, çünki Latın Amerikasında solçuluq davamlıdır və ənənəvi mahiyyət daşıyır.

Moskvanın
Zaur Məmmədov

Məsələlərə qlobal geosiyasi mübarizə kontekstində baxdıqda Maduronun bugünə qədər Moskva və Pekin tərəfindən dəstəkləndiyini (digər solçuların da daimi hər iki mərkəz tərəfindən dəstəkləndiyi şübhəsizdir) qeyd etmək vacibdir. Lakin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlərdə “siyasi alver” Alyaska görüşündən sonra Venesuelanın və Ukraynanın aqibətinin həll olduğu versiyasını da ortaya qoyurdu. Moskva üçün Venesuela postsovet məkanından kənarda ABŞ-a qarşı geosiyasi mövcudluğun nadir platformalarından biridir. ABŞ üçün isə Qərb yarımkürəsində Rusiya və Çin təsirinin məhdudlaşdırılması baxımından əsas prioritetlərdən sayılır”.

Z.Məmmədov qeyd edib ki, Ukrayna böhranı ilə Venesuela arasında birbaşa deyil, lakin funksional əlaqə mövcuddur:

“Ukrayna Rusiya üçün fundamental təhlükəsizlik və nüfuz zonasını təmsil etdiyi kimi, Venesuela da ABŞ üçün analoji strateji məkan hesab olunur. Bu səbəbdən tərəflər arasında açıq şəkildə ifadə edilməsə də, Venesuela məsələsi əlbəttə ki, müzakirə edilib, lakin hər iki mövzu ilə bağlı sinxronluğun olmaması yekun qərar verilməməsi versiyasını ortaya qoyur.

Qısası, Venesuelada baş verən proseslər lokal siyasi dəyişiklikdən daha çox, qlobal geosiyasi dinamikanın tərkib hissəsi kimi dəyərləndirilməlidir və növbəti zəngin ərazi uğrunda ilk növbədə məhz iqtisadi mübarizədir”.

Globalinfo.az

Seçilən
74
50
editor.az

10Mənbələr