AZ

Xüsusi icra məmurlarına hansı haqlar ödəniləcək? – Yeni qanun

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni “Xüsusi icra məmurları haqqında” Qanun 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Aznews.az xəbər verir ki, Qanuna əsasən, xüsusi icra məmurunun haqqı standart haqq və əlavə icra haqqından ibarətdir.

Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün verilir.

Əlavə icra haqqı qarşılıqlı razılığa əsasən icranın tam və ya qismən təmin olunmasına görə ödənilir.

Xüsusi icra məmurunun haqlarına dair məlumatlar xüsusi lövhədə xüsusi icra məmurunun ofisində görünən yerdən asılmalı, Ədliyyə Nazirliyi və Xüsusi İcra Məmurlarının Palatasının rəsmi internet səhifələrində yerləşdirilməlidir.

Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri Nazirlər Kabineti tərəfindən müəyyən olunub.

Pul tələbinə dair icra sənədləri üzrə standart haqq tələbkarın xeyrinə tutulmalı olan məbləğlə eyni vaxtda borcludan tutulur. Borcludan tutulmuş vəsait standart haqqın və icra sənədi üzrə tələbin tam ödənilməsinə kifayət etmədikdə ilk növbədə standart haqqın ödənilməsinə yönəldilir. Pul tələbi olmayan icra sənədləri üzrə standart haqq icra sənədi tam icra olunduqdan sonra borcludan tutulur. Birgə borclular standart haqqın ödənilməsi üçün müştərək məsuliyyət daşıyırlar.

Xüsusi icra məmuru icra icraatına başlamaq haqqında qərarla eyni vaxtda standart haqqın tutulması barədə qərar çıxarır və onu 3 (üç) iş günü müddətində tərəflərə göndərir. Həmin qərarda xüsusi icra məmuru standart haqqın məbləğini qeyd edir. Standart haqqın tutulması barədə xüsusi icra məmurunun qərarı icra sənədi hesab olunur.

Standart haqq borclu tərəfindən ödənilməzsə, xüsusi icra məmuru standart haqqın tutulması barədə qərarını həmin icraat çərçivəsində məcburi icraya yönəldir. Xüsusi icra məmurunun fəaliyyətinə xitam verildiyi hallar istisna olmaqla, bu qərarın icrası həmin xüsusi icra məmuru tərəfindən həyata keçirilir. Məcburi icra tədbirlərinə baxmayaraq borcludan tutulması mümkün olmadıqda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tələbkar tərəfindən ödənilməlidir.

Seçilən
79
8
aznews.az

9Mənbələr