AZ

Sözün səssizliyinə düşən işıq və ya kitabdan başlayan, cəmiyyətə açılan ömür



Bəzən insan ömrü təqvimlərin dəyişməsi ilə yox, xidmət etdiyi dəyərlərin davamı ilə ölçülür. 2026-cı il də məhz belə bir ömrün – sözlə, kitabla, işıqla yazılan bir taleyin yeni səhifəsi kimi açılır Yeganə Hüseynovanın həyatında. O, sadəcə kitabxanaçı deyil; o, kitabın səssiz dilini oxucuya sevdirən, sözü insanın mənəvi dünyasına çevirən bir mədəniyyət daşıyıcısıdır.
Uzun illərdir kitab rəfləri arasında görünməyən, amma cəmiyyətin yaddaşında iz qoyan bir missiyanı sədaqətlə yerinə yetirir. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsindən başlayan bu nurlu yol 25 ildən artıqdır ki, Səməd Vurğun adına Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sistemində Yeganə Hüseynova kitabı yalnız oxutmadı, onu sevdirdi, onu həyatın ayrılmaz parçasına çevirdi. Bu isə peşəkarlıqdan daha çox, bir ömürlük mənəvi xidmətdir.


Sumqayıt kimi böyük bir sənaye və mədəniyyət şəhərinin ictimai-mədəni həyatında Yeganə xanımın özünəməxsus yeri var. AYB Sumqayıt bölməsi ilə sıx əməkdaşlığı, real tariximiz, şəhidlərimiz və Zəfərimizlə bağlı hazırladığı videoçarxlar, vətənpərvərlik ruhlu tədbirlər onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Tanınmış jurnalist, dəyərli ssenarist Hafiz Ataxanlı ilə birgə hazırladığı qısametrajlı filmlər və tədbirlər isə gənc nəslin vətəndaşlıq ruhunda formalaşmasına əvəzsiz töhfədir. Bu işlərdə pafos yox, səmimiyyət; şüar yox, düşüncə var.

Yeganə Hüseynova Qubanın igidlər yetirən torpağında dünyaya göz açsa da, taleyini Sumqayıtla qoşalaşdırıb. 25 saylı şəhər orta məktəbi, 1994–1999-cu illərdə BDU-da aldığı ali təhsil və doğma şəhərində başlayan əmək fəaliyyəti onun həyat yolunun ardıcıllığını və sabitliyini göstərir. Bu gün o, Səməd Vurğun adına Sumqayıt MKS-nin işçisi kimi yüzlərlə, minlərlə oxucunun kitabla ilk dostluğunun memarıdır.
Mənim üçün isə Sumqayıt təkcə bir şəhər deyil – uşaqlıq və gənclik xatirələrimin yaşadığı doğma bir məkandır. Bu şəhərin insanları ilə qurulan dostluqlar, xüsusilə AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Gəmaləddinlə ailə səviyyəsinə yüksələn münasibətlər Sumqayıtı mənə daha da doğmalaşdırıb. Məhz Gülnarə xanımın təşəbbüsü ilə “Dedim bəlkə sözüm qala” kitabımın “Dünya TV”də keçirilən təqdimatı, böyük şair Rafayıl İncəyurdun iştirakı, aparıcı Könül xanımın məntiqli sualları həmin günləri unudulmaz etdi.


Həmin səfər çərçivəsində Hafiz Ataxanlının təşəbbüsü ilə Mərkəzi kitabxanaya, şəxsən Yeganə xanıma kitab bağışlanması isə mənə Sumqayıtda daha bir əsl ziyalı –Yeganə Hüseynova ilə tanışlıq qazandırdı. Təbii ki, Yeganə xanımla söhbət uzun illər yaddaşımdan silinməyəcək. O, kitabı həyatının mənası, cəmiyyətə baxışının əsası, insanlara sevgisinin ölçüsü hesab edir. Oxuculara kitabı sevdirmək üçün tapdığı özünəməxsus yollar, keçirdiyi maraqlı tədbirlər, şirin və inandırıcı söhbətlər çox qısa zamanda gözəl nəticə verir və oxucuların sayı durmadan artır.
Sadəliyi, insanlara həssas münasibəti, çətin durumda olanlara dayaq olması Yeganə xanımı təkcə peşəkar deyil, həm də böyük ürək sahibi kimi tanıdır. Sözü ilə insanı ruhdan düşdüyü yerdən qaldıra bilmək isə yalnız həqiqi ziyalıların bacardığı bir keyfiyyətdir.
Onun ailə dünyası da bu mənəvi zənginliyin təbii davamıdır. Oğlu İsmayılın Azərbaycan Gömrük Akademiyasının iqtisadiyyat ixtisasında nümunəvi tələbə kimi yetişməsi, qızı İncinin orta məktəbdə bilik və əxlaqla seçilməsi Yeganə xanımın ana ürəyinin və ziyalı tərbiyəsinin ən gözəl bəhrəsidir. O, sözün tərbiyə etdiyi, kitabın böyütdüyü övladlar yetişdirib.
Sonda isə deməliyəm ki, qoy 2026-cı il Yeganə Hüseynovaya sağlamlıq, ailə səadəti, yeni yaradıcılıq uğurları gətirsin. Qoy kitablar onun yoluna həmişə işıq salsın, oxucuların sevgisi və cəmiyyətin hörməti əməyinin ən ali mükafatı olsun. Ürəyi dünya boyda olan bu kitab adam-Yeganə xanım var olduqca kitabların nuru sönməyəcək.



Seçilən
51
13
aia.az

10Mənbələr