AZ

Sİ Polis : Qorxaq, yoxsa arxalanaq?

Son illər süni intellekt texnologiyalarının sürətlə inkişafı hüquq-mühafizə orqanlarının fəaliyyətinə də ciddi təsir göstərməyə başlayıb. Əvvəllər yalnız filmlərdə təsəvvür edilən "texno-polis" modelləri bu gün real praktikaya çevrilir.

Əsas arqument ondan ibarətdir ki, süni intellekt polis əməkdaşlarının iş yükünü azaldır . Bu texnologiya polisin kimi saxlamasından tutmuş, hansı ərazilərdə patrul xidmətinin gücləndirilməsinə və sübutların araşdırılmasına qədər bir çox sahədə istifadə olunur. Saatlarla vaxt aparan hesabatların avtomatik hazırlanması, minlərlə saatlıq video və audio materiallar arasından əsas sübutların seçilməsində, xüsusilə kadr çatışmazlığı f onunda Sİ çıxış yolu kimi təqdim olunur.

Məsələn, San-Fransisko polisi yol hərəkəti qaydalarının pozulması və az riskli hadisələr üzrə ilkin hesabatları süni intellekt vasitəsilə hazırlayır;

Atlanta yaxınlığındakı South Fulton polis idarəsi cinayətlərin analizini aparmaq və ehtimal olunan riskləri əvvəlcədən görmək üçün bu texnologiyadan istifadə edir;

Longeye adlı şirkət isə polisə saatlarla video və audio materiallar arasında əsas sübutları tapmaqda kömək edən sistemlər hazırlayır.

Mütəxəssislərin hesablamalarına görə, hüquq-mühafizə sahəsində süni intellekt bazarı sürətlə böyüyür. Gözləntilərə əsasən, bu sahəyə yatırılan vəsait növbəti illərdə iki dəfəyə yaxın artacaq . Bu da texnologiyaların polis işində daha geniş sirayət edəcəyini göstərir.

Məsələnin narahat edən tərəfi də var. Süni intellekt sistemləri insan tərəfindən yaradılır və mövcud məlumatlar əsasında işləyir. Əgər həmin məlumatlar qərəzlidirsə, nəticələr də qərəzli olur. Bu isə nəzarət mexanizminin pozulmasına, səhv qərarlara yol aça bilər.

Bundan başqa, şəxsi məlumatların toplanması və saxlanması məsələsi də ciddi narahatlıq doğurur. Süni intellektin ayrı-ayrı fərdlərə məxsus məlumatları necə emal etdiyi və bu məlumatlara kimin nəzarət etdiyi hələ də tam aydın deyil. Məhz bu səbəbdən ABŞ-nin bəzi şəhərlərində bu texnologiyaların tətbiqi müvəqqəti dayandırılıb.

Mütəxəssislərin ümumi mövqeyi isə ondan ibarətdir ki, süni intellekt polisi əvəz etməməli, ona yardımçı rol oynamalıdır. Qərarvermə və hüquqi məsuliyyət texnologiyaya deyil, insana məxsus olmalıdır.

Nəticə etibarilə, süni intellekt polis fəaliyyətində yeni imkanlar açsa da, onun tətbiqi aydın hüquqi çərçivələr və ictimai nəzarət olmadan risklər yarada bilər. Bu balans qorunmadığı halda Sİ-yə ictimai etimad da zəifləyə bilər.

Məhəmmədəli Həsənli
AzVision.az
Seçilən
57
32
azvision.az

10Mənbələr