AZ

Azərbaycan regional və beynəlxalq proseslərə təsir göstərən güc mərkəzi kimi çıxış edir ŞƏRH

Bakı, 2 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə bağlı xalqa müraciəti, sadəcə, bayram təbriki deyil, Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallıqların açıq və prinsipial bəyanatı idi. Bu çıxış 2026-cı ilə daxil olan ölkəmizin artıq müdafiə olunan deyil, regional və beynəlxalq proseslərə təsir göstərən güc mərkəzi kimi çıxış etdiyini nümayiş etdirir. Prezident İlham Əliyev tərəfindən şanlı Zəfərin, xüsusilə vurğulanması onu göstərir ki, Azərbaycan Qələbəni yalnız hərbi nəticə kimi deyil, strateji üstünlük kimi möhkəmləndirib. Otuz illik işğala son qoyulması ilə Azərbaycan Cənubi Qafqazda status-kvonu köklü şəkildə dəyişdirərək, beynəlxalq münasibətlər sistemində yeni reallıq formalaşdırıb. Bu reallıqla artıq bütün beynəlxalq aktorlar hesablaşmaq məcburiyyətindədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin müraciətində Azərbaycan Silahlı Qüvvələrinin son beş ildə keçdiyi inkişaf yolu təsadüfi olaraq geniş yer tutmadı. Ordunun yeni silah sistemləri ilə təchiz olunması, xüsusi təyinatlı qüvvələrin say və imkanlarının dəfələrlə artırılması Azərbaycanın öz təhlükəsizliyini heç bir mövcud beynəlxalq mexanizmə həvalə etmədiyini göstərir. Qlobal miqyasda sürətlənən silahlanma prosesi fonunda Azərbaycan təhlükəsizliyini öz gücü və müttəfiqləri ilə formalaşdırdığı əlaqələr hesabına təmin edən dövlət modelini seçib.

“Dövlətimizin başçısının Minsk qrupunun tarixin arxivinə göndərilməsi ilə bağlı fikirləri, əslində beynəlxalq vasitəçilik institutlarının iflasının açıq etirafıdır. Qarabağ məsələsi artıq nə danışıqlar mövzusu, nə də beynəlxalq gündəmin elementi deyil. Azərbaycan bu məsələni hərbi, siyasi və hüquqi baxımdan birdəfəlik bağlayıb.

Prezident İlham Əliyevin vurğuladığı sülh gündəliyi Azərbaycanın zəif mövqedən deyil, qalib tərəf kimi diktə etdiyi konsepsiyadır.

Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə aparılan danışıqlar göstərdi ki, Azərbaycan regional sülhün əsas memarlarından biridir. Bu sülh gündəliyi revanşizmə deyil, yeni güc balansına əsaslanır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və “Böyük Qayıdış” proqramı yalnız sosial layihə kimi deyil, strateji dövlət siyasəti kimi təqdim olunur. Artıq 70 minə yaxın insanın həmin ərazilərdə yaşaması, işləməsi, təhsil alması Azərbaycanın suverenliyinin faktiki və geridönməz xarakter daşıdığını sübut edir.

Azərbaycanın beynəlxalq nüfuzunun artması birbaşa müstəqil siyasət xətti ilə əlaqəlidir. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan heç bir mərkəzdən idarə olunan, iradəsi kənardan diktə edilən dövlət olmayıb və olmayacaq. Bu mövqe regional və qlobal güclər üçün aydın mesajdır", - deyə Y.Hacızadə vurğulayıb.

Politoloq əlavə edib ki, Xankəndidə ECO Zirvə görüşünün, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının keçirilməsinin Prezident İlham Əliyevin müraciətində xüsusilə vurğulanması siyasi simvolizm daşıyır. Xankəndinin beynəlxalq diplomatik məkana çevrilməsi münaqişənin bitdiyini, Türk dünyasının zirvə toplantısının Azərbaycanda təşkil edilməsi dövlətimizin bu coğrafiyada aparıcı rol oynadığını göstərir.

Prezident İlham Əliyevin təqdim etdiyi iqtisadi göstəricilər siyasi müstəqilliyin maddi əsaslarını açıq şəkildə ortaya qoyur. 80 milyard dollardan artıq valyuta ehtiyatları, ÜDM-in 6,3 faizi həcmində xarici borc və beynəlxalq reytinq agentliklərinin müsbət qərarları Azərbaycanın iqtisadi baxımdan təzyiqlərə davamlı olduğunu sübut edir.

“Müraciətin mühüm siyasi xətlərindən biri də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı verilən mesajdır. Prezident İlham Əliyev açıq şəkildə bəyan edir ki, dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlılar tək deyil. Bu mesaj diaspor siyasətinin artıq müdafiə yox, güc üzərində qurulduğunu göstərir. Bu baxımdan Prezident İlham Əliyevin bayram müraciəti Azərbaycanın keçmiş qələbələrini xatırladan deyil, gələcək güc arxitekturasını bəyan edən siyasi sənəddir. Azərbaycan artıq regionda hadisələrin obyektinə çevrilən deyil, onları müəyyən edən əsas subyektlərdən biridir”, - deyə Yalçın Hacızadə vurğulayıb.

Seçilən
138
50
azertag.az

10Mənbələr