AZ

Hikmət Hacıyev: Biz Tramp administrasiyasının tam dəstəyinə malikik

Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə sadiqlik nümayiş etdirib.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "The Washington Times" qəzetinə deyib.

Nəşrin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu işlərinə, ABŞ Konqresində 907-ci düzəlişin ləğvinə doğru atılan addımlara, rəsmi Bakının Rusiya ilə münasibətlərinə, Azərbaycan İsrail əlaqələrinə həsr edilən məqaləsində H.Hacıyevə istinadən ABŞ Prezidentinin bu sülh gündəliyinə dərhal qarşılıq verməsi qiymətləndirilməli məqam kimi qeyd olunub.

Bununla belə H.Hacıyev 907-ci düzəlişin mövcudluğunun sülhə qarşı işlədiyini deyib:

"Hər iki hökumət - Azərbaycan və Ermənistan - sülhü möhkəmləndirmək üçün gərgin iş aparırlar. Lakin Konqresdə bəziləri tamamilə lazımsız və ayrıseçkilik toxumları olan qanunvericilik aktları təqdim edirlər".

H.Hacıyev Bayden-Blinken administrasiyasının Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurduğunu da bəyan edib. O qeyd edib ki, Donald Trampın dövründə istiləşən ABŞ-Azərbaycan münasibətləri əvvəlki administrasiyanın yanaşması ilə kəskin təzad təşkil edir:

"Bayden və Blinken administrasiyası ilə təəssüf ki, çoxlu anlaşılmazlıqlar var idi və onlar münasibətlərə çox ziyan vurdular".

O xatırladıb ki, Bayden administrasiyası Əfqanıstan missiyası bitdikdən dərhal sonra 907-ci maddə məhdudiyyətlərini yenidən tətbiq edib.

Seçilən
86
41
aznews.az

6Mənbələr