Smart-kart qaz sayğaclarında problem- Sakinlər ŞİKAYƏTÇİDİR
Smart-kart tipli qaz sayğaclarında balansın artırılması ilə bağlı müəyyən çətinliklərin yarandığı bildirilir. Ajans.az xəbər verir ki, sakinlərin şikayətinə əsasən, bəzi istifadəçilər ödəniş terminalları vasitəsilə karta vəsait yükləyərkən problemlə üzləşirlər. Belə ki, terminallar bəzən kart məlumatlarını tanımır və ya ödənilən məbləğ balansda əksini tapmır. Məlumata görə, terminalda "smart-kartın bərpası" funksiyası aktivləşdirildikdə ödənişin balansa köçürüldüyü barədə bildiriş verilsə də, həmin məbləği sayğaca yükləmək mümkün olmur. İddia olunur ki, bunun səbəbi tariflərin yenilənməməsi ilə bağlıdır. Mövzu ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə ünvanladığımız suallar cavabsız qaldı. Qurumun mətbuat katibi Eldəniz Vəliyev qeyri-iş günü olduğunu bildirərək müraciətlərin qaynar xətt vasitəsilə ünvanlanmasını tövsiyə edib. Bununla belə, saat 17:47-dən sonra da qurumun Mətbuat Xidməti ilə təkrar əlaqə saxlamağa cəhd göstərsək də, zənglər cavabsız qaldı. Qurumun Mətbuat Xidmətinə xatırlatmaq istərdik ki, qaynar xətt əsasən vətəndaş müraciətləri üçün nəzərdə tutulub. KİV nümayəndələrinin suallarının cavablandırılması isə məhz Mətbuat Xidməti vasitəsilə həyata keçirilməlidir.