AZ

Bayram libasına bürünən Bakının qonaqları: Burada hər şey çox canlıdır – REPORTAJ

Bakı, 1 yanvar, Göyçək Mahmudlu, İlham Nadirov, Nicat Haşımov, AZƏRTAC

Bakı həm əyləncə, həm mədəniyyət, həm də rahatlıq baxımından turistlərin Yeni ili keçirmələri üçün çox uyğun və cəlbedici şəhərlərdən biridir. Burada turistlər Şərq və Qərb mədəniyyətinin unikal qarışığını görə, yerli adət-ənənələrlə tanış olmaq imkanı əldə edə, o cümlədən əsl bayram ab-havasına düşə bilirlər.

AZƏRTAC-ın müxbirləri şəhərimizə təşrif buyurmuş xarici qonaqlarla həmsöhbət olub, onların təəssüratlarını öyrəniblər.

Səudiyyə Ərəbistanından olan turist Osama Hakami ölkəmizə yeni gəldiyini və ilk gündən Bakının ab-havasının onu çox təsirləndirdiyini deyib: "Burada bayram əhvali-ruhiyyəsi hiss olunur, turistlər çoxdur və insanların üzündə sevinc var. Yeni ilin gətirdiyi bu canlılıq və müsbət enerji insana xoş hisslər yaşadır.

2026-cı il üçün ən böyük arzum dünyada sülhün bərqərar olmasıdır. Müharibələrin, zorakılığın, günahsız insanların əziyyət çəkməsinin sona çatmasını istəyirəm. Xüsusilə də əziyyət çəkən xalqların rahat, təhlükəsiz və ümid dolu bir həyat yaşamasını arzulayıram. Qoy insanlar bir-birinə qarşı daha anlayışlı və mehriban olsunlar".

Şəhərimizin qonaqları arasında 2024-cü ilin dekabrında yaşadığımız faciə zamanı öz həmrəyliyini nümayiş etdirən dost və qardaş Qazaxıstandan olan turistlər də var. Qonaqların məhz Aktaudan gəlməsi bizə bir daha həmin ağrılı-acılı günləri xatırlatdı. Onlara həmin hadisə zamanı yanımızda olduqlarına görə minnətdarlığımızı ifadə edib söhbətimizi bayram əhval-ruhiyyəsində davam etdirdik.

Qazaxıstanlı turist Miras Kojabaev bayramı ilk dəfə Azərbaycanda keçirmək üçün ailəsi ilə birlikdə Bakıya gəlib. Yeni ili Bakıda qarşılayan qonaqlar paytaxtımızla bağlı fikirlərini bölüşüb, şəhərimizin onlarda parlaq və unudulmaz təəssürat yaratdığını bildiriblər.

"Sizdə Yeni il çox gözəldir. Biz doğrudan da Avropa üslubunda Yeni il gördük. Hər şey əladır, hər şey xoşumuza gəldi. Ümumiyyətlə möhtəşəmdir! Gələn kimi birbaşa dənizkənarı bulvara getdik. “Dəniz Mall”da olduq, gəmi ilə gəzintiyə çıxdıq, çox maraqlı idi. Fəvvarələr meydanını gəzdik, Yeni il yarmarkasında olduq, İçərişəhəri ziyarət etdik. Ümid edirəm ki, Bakıda qarşıladığımız 2026-cı il elə Bakının özü kimi gözəl olacaq. Çox yaxşı, mehriban bir il olsun. Qoy hər yerdə sülh olsun", - deyə M.Kojabaev qeyd edib.

Növbəti həmsöhbətimiz isə Rusiyanın Vladivostok şəhərindən olan Natalya Nikolayevnadır. Ölkəmizə, xalqımıza olan vurğunluğu simasından bəlli olan N.Nikolayevna sevgisini bu cür ifadə edib: "Gözəl Bakınızın və ölkənizin qonağıyam. Sonsuz dərəcədə sevdiyim Azərbaycanın bütün vətəndaşlarını, bütün ölkəni bayram münasibətilə təbrik edirəm. Biz burada mütəmadi oluruq. Hər il mütləq gəlirik və burada azı üç ay yaşayırıq. Mən buraya, bu gözəl bulvarda gəzmək, əylənmək, Azərbaycan vətəndaşlarının hamısını bayram münasibətilə təbrik etmək üçün gəlmişəm. Sizin belə səmimi və mehriban insanlar olmağınıza görə təşəkkür edirəm. Bura insanın hər zaman qayıtmaq istədiyi ölkədir. Azərbaycana gəlmək bir sutka vaxt aparır, lakin bu artıq bizim üçün məsafə deyil. Çünki Azərbaycanı sevən, Azərbaycana sadiq olan insanlar kimi biz məmnuniyyətlə istənilən məsafəni qət edirik. Bayramınız mübarək!"

Yeni ili Bakıda keçirənlər arasında "Bir millət, iki dövlət" şüarı altında sevincimizi, kədərimizi bölüşdüyümüz dost və qardaş Türkiyədən olan vətəndaşlar da var.

Müsahibimiz olan Çiğdem Aksöyler Yeni il bayramını keçirmək üçün xüsusi olaraq Bakını seçdiklərini deyib: Bu, bizim şəhərinizə ikinci səfərimizdir. Sonuncu dəfə ötən ilin may ayında gəlmişdik. İnsanlarını, təbiətini, hər şeyi çox bəyəndik. Ona görə də Yeni ili də burada keçirmək qərarına gəldik. Burada hər şey o qədər canlıdır ki, bu qədərini gözləmirdim. Hər yer parıltılı, işıqlıdır. Türkiyədə Yeni il bayramı bu qədər canlı deyil. Bayram yarmarkaları və ya buna bənzər bir şey yoxdur. Hər yerdə - bütün restoranlarda, küçələrdə Milad ağacları var. Ölkəmizdə Yeni il bu qədər coşğulu keçmədiyinə görə əsl bayram ab- havası yaşamağa, bu şənliyi görməyə gəldik. Yaxşı ki, belə qərar vermişik. Hər kəsə firavanlıq, sülh və sağlam, xoşbəxt bir il arzulayıram".

Paytaxt küçələrində hər addımda eşidilən gülüş səsləri, şən musiqilər bayram libasına bürünən Bakının özünəməxsus ritmini daha da canlandırır. İnsanlar soyuğa baxmayaraq isti gülümsəyir, küçələr işıq selinə qərq olur. Yeni il Bakıya sadəcə sevinc gətirmir, o, şəhərin ruhunu işıqlandırır. Bu bayram Bakının gözəlliyinə bir az sehr, bir az da ümid qataraq onu daha unudulmaz edir. Bunu biz demirik, bunu Bakının sehrinə düşən qonaqlar deyirlər...

 

Seçilən
150
50
azertag.az

10Mənbələr