AZ

Fələstində dəhşətli fəlakət: 72 min insan həlak olub

Fələstin Mərkəzi Statistika Bürosu işğal altında olan İordan çayının qərb sahili və Qəzza zolağında mövcud vəziyyətlə bağlı 2025-ci il üzrə hesabat açıqlayıb.

Modern.az-ın məlumatına görə, hesabatda bildirilir ki, Fələstin əraziləri son onilliklərin ən ağır humanitar və demoqrafik böhranla üz-üzədir:

"2023-cü ilin oktyabrından bu yana İsrail ordusu və israilli məskunlaşanların hücumları nəticəsində Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüdsdə 72 mindən çox fələstinli həyatını itirib. Ölənlərin 98 faizi Qəzza zolağında qeydə alınıb. Qəzzada iki ildən artıqdır davam edən hücumlar soyqırımı xarakteri daşıyır.

Qəzzada həlak olanların 18 min 592-si uşaq, 12 min 400-ü qadındır. Hücumlar nəticəsində 171 mindən çox insan yaralanıb, təxminən 11 min nəfər isə itkin düşüb və onların əksəriyyətinin dağıntılar altında qaldığı ehtimal edilir.

İsrailin hücumları səbəbindən 100 mindən çox fələstinli Qəzza zolağını tərk etmək məcburiyyətində qalıb. Kütləvi ölümlər və məcburi köç nəticəsində Qəzza əhalisi 10,6 faiz azalıb.

İşğal altındakı İordan çayının Qərb sahili və Şərqi Qüdsdə isə hücumlar nəticəsində 1102 fələstinli həlak olub, 9 min 34 nəfər yaralanıb".

Hesabatda Qəzzada səhiyyə sisteminin faktiki olaraq çökməsi xüsusi vurğulanır. Belə ki, 36 xəstəxanadan yalnız 19-u məhdud imkanlarla fəaliyyət göstərir, ümumi yataq sayı isə cəmi 2 minə yaxındır. Bu, 2 milyodan çox əhalinin minimum tibbi ehtiyaclarını belə qarşılamır. Bölgədə 60 minə yaxın hamilə qadın ciddi sağlamlıq riskləri ilə üzləşib.

Eyni zamanda Qəzzada təmiz içməli suya çıxış kəskin şəkildə məhdudlaşıb. Əhalinin 95 faizi təhlükəsiz içməli su ilə təmin olunmur.

Təhsil sektoru da ağır zərər görüb. Hesabata əsasən, İsrail hücumları nəticəsində 179 məktəb tamamilə dağıdılıb, 218 məktəb zədələnib, 63 universitetin isə hamısı məhv edilib. Hücumlar zamanı 18 min 979 şagird və tələbə, onların 18 min 863-ü Qəzzada olmaqla, həyatını itirib.

Hesabat Fələstin ərazilərindəki vəziyyətin humanitar fəlakət həddini çoxdan aşdığını və beynəlxalq ictimaiyyətin təcili müdaxiləsinə ehtiyac olduğunu ortaya qoyur.

Seçilən
25
1
modern.az

10Mənbələr