Bayram günlərində süfrələr adətən müxtəlif yeməklərlə zəngin olur. Mütəxəssislər deyirlər ki, hazırkı dövrdə əsas məqsəd özümüzü məhdudlaşdırmaq deyil, qidalanmanı düzgün və balanslı şəkildə tənzimləməkdir.
Ölkə.az xəbər verir ki, Modern.az bayram günlərində düzgün qidalanmanın vacibliyini nəzərə alaraq qida mütəxəssisi Fərid Səfərovla həmsöhbət olub.
O bildirib ki, düzgün qidalanmanın əsas şərtlərindən biri süfrəyə ac oturmamaqdır.
“Bayram süfrəsindən əvvəl yüngül salat və ya meyvə qəbul etmək həddindən artıq yeməyin qarşısını alır. Yeməklərin az-az və tələsmədən yeyilməsi də mühüm məqamdır. Çünki mədənin toxluq siqnalını beyinə ötürməsi üçün müəyyən vaxt lazımdır. Yağlı və ağır yeməklərin tərəvəz salatları ilə birlikdə qəbulu da həzmi nisbətən asanlaşdırır, bununla yanaşı, yeməklər arasında isə ən azı 2-3 saat fasilə saxlamaq tövsiyə olunur”.
Mütəxəssis əlavə edib ki, Yeni il və digər bayram süfrələrində bəzi qidalar xüsusilə zərərli hesab olunur:
“Çox yağlı qızartmalar, kolbasa və sosiska məhsulları, mayonez əsaslı salatlar, şirin qazlı içkilər və həddindən artıq şirniyyatlar mədəyə ciddi yük salır. Spirtli içkilərin qəbulu da şişkinlik, halsızlıq və müxtəlif həzm problemlərinə səbəb ola bilər”.
Ekspertin sözlərinə görə, süfrəni daha sağlam şəkildə tənzimləmək üçün təzə tərəvəzlərə, göyərtiyə və yüngül salatlara üstünlük verilməlidir:
“Ət yeməklərində qızartma əvəzinə sobada və ya buxarda bişirilmiş variantların seçilməsi həm kalorini azaldır, həm də həzmi asanlaşdırır. Bundan əlavə, çörək və şirniyyat az miqdarda qəbul edilməli, su içmək isə unudulmamalıdır. Su həm toxluq hissini tənzimləyir, həm də həzm prosesini yaxşılaşdırır.
Unutmaq olmaz ki, bayram bir günlükdür, sağlamlıq isə daimidir. Ölçülü və şüurlu qidalanma ilə həm bayramın dadını çıxarmaq, həm də orqanizmi qorumaq mümkündür.
Sağlam qidalanaraq sağlam yaşayın!”, - deyə F.Səfərov bildirib.