Demçenko həmin müsahibədə xeyli məqama aydınlıq gətirib. Bildirib ki, qarşısına qoyulan məqsəd avrokuboklara vəsiqə qazanmaqdı. O, artıq bu plan üzrə hərəkətə keçib. “Qırmızı-ağlar”ın “Qarabağ”, “Kəpəz” və “Sumqayıt”a qarşı matçlarını təhlil edən məşqçi komanda haqda müsbət fikirlər səsləndirib. Hətta deyib ki, heyətdə dəyişikliyə ehtiyac duymur. Mütəxəssis Azərbaycana gəlməzdən əvvəl həmyerlilərindən – daha öncə ölkəmizdə “Qəbələ”nin və “Neftçi”nin baş məşqçisi kimi fəaliyyət göstərən Roman Qriqorçukdan və hazırda “ağ-qaralar”ın məşqçi korpusunda yer alan Vitali Vernidubdan məsləhət almağı da unutmayıb. Amma...
Demçenko həm də “Araz-Naxçıvan” rəhbərliyi yetərincə ambisiyalıdı. Mövsümün ikinci yarısı üçün qarşınıza hansı hədəflər qoyulub” sualını belə cavablayıb:
“Avrokubok zonası”na düşmək. Deməli, ilk “üçlük” uğrunda mübarizə aparacağıq. Üstəlik kubok da var”.
Heç şübhəsiz, Demçenko kubok deyərkən avrokuboklara aparan qısa yoldan – ölkə kubokundan bəhs edir. İş ondadı ki, ölkə kubokunun 1/8 finalında “Kəpəz”lə qarşılaşan “qırmızı-ağlar” məğlubiyyətə uğradığından bu yarışda mübarizəni dayandırıb! Kəsəsi, ukraynalı bu faktdan xəbərsizdi! O, təklifi qəbul edib iş başına keçsə də, komandanın son durumundan hali deyil. Öz aramızdı, bəlkə bilsə, riskin daha böyük olduğunun fərqinə varar, təklifə belə isti yanaşmazdı. Hər halda, özü 3-cü yer uğrunda 5-6 komandanın döyüşəcəyindən xəbərdardı.
Belədə hadisələrin axarının nə ilə nəticələnəcəyini gözləməyə dəyər! Başqa bir məqam da var ki, açığı, dilə gətirməkdən çəkinirik: bəlkə də “Araz-Naxçıvan” rəhbərliyi “kubokda da mübarizəni davam etdiririk” deməklə, Demşenkonu, sadəcə, aldadıb, dilə tutub, Bakıya gəlməyə razı salıb!
KƏNAN BAHADIR