Rumıniyanın dövlət enerji şirkəti Hidroelectrica 1982-ci ildə istismara verilmiş Bredișor hidroelektrik stansiyasının genişmiqyaslı modernləşdirilməsi ilə bağlı iri tender elan edib.
Paytaxt.org xəbər verir ki, layihə Rumıniyanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır və ilkin hesablamalara əsasən, investisiya həcmi artıq 106 milyon avronu ötür.
Tenderin diqqətçəkən məqamlarından biri odur ki, əsas iddiaçılar sırasında Azenco şirkətinin də daxil olduğu konsorsium yer alır. Bu şirkət uzun illər Azərbaycan enerji sektoruna rəhbərlik etmiş sabiq “Azərenerji” prezidenti Etibar Pirverdiyev ilə əlaqələndirilir.
Bu barədə xüsusi məqalə yazan Haqqın.az saytının məlumatına görə, Bredișor GES-in modernləşdirilməsi layihəsi əslində bir neçə ildir gündəmdədir. İlk tender 2022-ci ildə elan olunmuş, həmin vaxt layihənin dəyəri 36 milyon avro olaraq qiymətləndirilmişdi. Lakin bu məbləğ heç bir podratçı üçün cəlbedici olmadığından müsabiqə baş tutmamışdı. 2023-cü ildə Hidroelectrica smetanı yenidən nəzərdən keçirərək layihə dəyərini 86 milyon avroya qaldırsa da, bu dəfə də potensial icraçıların marağını cəlb etmək mümkün olmamışdı. Yalnız 2024-cü ilin payızında elan edilən üçüncü tender çərçivəsində layihənin başlanğıc qiyməti 106 milyon avrodan yuxarı müəyyən edilib və bundan sonra real rəqabət formalaşıb.
Layihə çərçivəsində Bredișor GES-in istismar müddətinin azı 30 il uzadılması, eyni zamanda stansiyanın 115 meqavatlıq layihə gücündə sabit və təhlükəsiz işləməsinin təmin olunması nəzərdə tutulur. Bu isə Rumıniyanın bərpaolunan enerji strategiyasında mühüm yer tutur.
Tenderdə ümumilikdə üç konsorsium iştirak edir. Birinci təklif İsrailin mühəndislik nəhəngi olan Baran Israel Ltd. şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən təqdim olunub. Bu qrupda Rumıniyanın Enevo Group-a daxil şirkətləri, East European Business Center, Fransanın Vinci konserni tərəfindən alınmış Energobit Cluj, eləcə də Ukraynanın dövlətə məxsus Ukrainian Energy Machines şirkəti subpodratçı qismində çıxış edir.
İkinci iddiaçı Rumıniyanın Electromontaj şirkəti ilə Xorvatiyanın Končar Electrical Industry müəssisəsinin yaratdığı assosiasiyadır. Bu konsorsiumda subpodratçı kimi Rumıniyanın Butan Grup şirkəti yer alır.
Üçüncü və xüsusi maraq doğuran təklif isə Rumıniyanın Best Achiziții SRL konsaltinq şirkəti ilə Azərbaycanın Azenco şirkətinin formalaşdırdığı konsorsiumdan gəlib. Bu birlikdə subpodratçı qismində Ukrhydroproject layihə təşkilatı, Türkiyənin Balikesir Elektromekanik transformator istehsalçısı, eləcə də Rumıniyanın SSG Fire & Rescue, Metabet CF və Forest Electro Grup 2002 şirkətləri iştirak edir.

Haqqin.az yazır ki, Azenco-nun bu tenderdə yer alması təsadüfi deyil. Etibar Pirverdiyevin “Azərenerji”yə rəhbərlik etdiyi dövrdə Azenco Azərbaycanda iri enerji və infrastruktur layihələrinin əsas icraçılarından biri olub. Şirkət elektrik stansiyalarının, hidrotexniki qurğuların, su bəndlərinin tikintisində, eləcə də dövlət büdcəsi hesabına maliyyələşdirilən müxtəlif layihələrdə fəal iştirak edib. Bundan əlavə, Azenco Bakıda iri yaşayış komplekslərinin inşasını da həyata keçirib.
Lakin 2018-ci ildə Etibar Pirverdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra Azenco-nun dövlət büdcəsi hesabına aldığı sifarişlərin həcmi nəzərəçarpacaq dərəcədə azalıb. Buna baxmayaraq, şirkət fəaliyyətini davam etdirib və mənfəətlə işləməkdədir. Sadəcə, maliyyə göstəricilərində davamlı azalma tendensiyası müşahidə olunur.
Belə ki, Azenco-nun 2024-cü il üzrə xalis mənfəəti 1 milyon 850 min manat təşkil edib. Halbuki bu göstərici 2023-cü ildə 3 milyon 530 min manat səviyyəsində idi. Buna baxmayaraq, Rumıniyada həyata keçiriləcək mümkün iri layihə şirkət üçün həm maliyyə, həm də beynəlxalq nüfuz baxımından yeni mərhələnin başlanğıcı ola bilər.
Müşahidəçilərin fikrincə, Bredișor GES-in modernləşdirilməsi layihəsinin taleyi yalnız Rumıniya üçün deyil, həm də regionda fəaliyyət göstərən enerji şirkətləri və postsovet məkanından çıxan podratçılar üçün mühüm presedent yarada bilər. Bu baxımdan, Azenco-nun daxil olduğu konsorsiumun tenderdə qalib gəlib-gəlməyəcəyi yaxın dövrdə diqqətlə izləniləcək.
Mənbə:Musavat.com