Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) növbəti il üzrə büdcəsi dövlət büdcəsi ilə sıx koordinasiya şəraitində tərtib olunur və neft qiymətləri üzrə fərziyyələr beynəlxalq təşkilatların ortamüddətli proqnozlarına əsaslanır.
Bunu "APA-Economics"ə müsahibəsində Fondun icraçı direktoru İsrafil Məmmədov deyib. O bildirib ki, icmal büdcə çərçivəsində dövlət büdcəsinin gəlir və xərcləri formalaşdırılarkən ARDNF-nin də büdcə göstəricilərinin, habelə aktivlərinin dayanıqlı səviyyədə saxlanılması əsas prioritetlərdən hesab olunur.
"Ümumilikdə, il ərzində neft qiymətlərində baş verə biləcək dəyişikliklər və bunun nəticəsində gəlirlərin azalması ehtimalı Fondun planlaşdırma və risklərin idarə olunması mexanizmlərində əvvəlcədən nəzərə alınır. Eyni zamanda, neft gəlirlərində mümkün azalmaların təsirinin yumşaldılması baxımından investisiya fəaliyyətindən əldə olunan gəlirlərin rolu artır. ARDNF şaxələndirilmiş investisiya strategiyasını formalaşdırarkən neft-qaz sektorunun gələcək trayektoriyası ilə bağlı riskləri və qeyri-müəyyənlikləri diqqətdə saxlayır və portfelin idarə edilməsində qərarlar bir göstəriciyə deyil, kompleks modelə və ehtiyatlı fərziyyələrə əsaslanır" - İsrafil Məmmədov əlavə edib.
Bununla yanaşı, ARDNF büdcə öhdəliklərinin icrasını təmin etmək məqsədilə portfel strukturunda müvafiq likvidlik səviyyəsinin saxlanılmasına xüsusi diqqət yetirir. Likvid aktivlərin, o cümlədən istiqrazlar və pul bazarı alətlərinin portfeldəki rolu məhz belə dövrlərdə fiskal çevikliyi təmin edən əsas amillərdən biridir.