AZ

"Ebru sənəti insanı özünə qaytarır"

Yazını böyüt
Yazını kiçilt

İstirahət deyəndə çoxumuzun ağlına ilk olaraq yatmaq, gündəlik ritmdən uzaqlaşmaq, qısa bir səfərə çıxmaq və ya yeni yerlər kəşf etmək gəlir. Bəzən isə istirahəti sadəcə fiziki yorğunluğun azalması kimi anlayırıq. Halbuki insan yalnız bədənini deyil, düşüncələrini və duyğularını da sakitləşdirməyə ehtiyac duyur. Xüsusilə işləyən, daim məsuliyyət daşıyan insanlar üçün əsl rahatlıq çox zaman səssizlikdə və özünlə baş-başa qalmaqda gizlənir.

Bəs istirahət nədir? Yatmaqmı, uzaq bir səfərə çıxmaqmı, başqa ölkələri kəşf etməkmi? Yoxsa bir az da öz daxili aləmini tanımaqdır istirahət?..

Hafta.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Ebru sənətçisi, “Özünü Yarat” Yaradıcı Sənət Məktəbinin qurucusu Diləzbər Hüseynzadə söyləyib.

Onun sözlərinə görə, 2014-cü ilin sonlarında həftə sonlarını dəyərləndirmək üçün başladığı Ebru sənəti əvvəlcə sadəcə bir hobbi olub. Bu gün isə həmin sənət insanların dincəlməsi, ruhuna qida tapması üçün bir fəaliyyətə çevrilib. İllərdir insanların sənət vasitəsilə öz daxili dünyalarını necə kəşf etdiklərinin şahidi olduğunu deyən D.Hüseynzadə bildirir ki, son dövrlərdə bir çox insan istirahət üçün böyük xərclər çəkmək əvəzinə sənətə üz tutur. Çünki sənət insanı sakitləşdirir, tələsdirmir və özü ilə baş-başa qalmağa imkan verir.

“Ebru sənəti bu baxımdan xüsusi yer tutur. Mənbələrə görə, bu sənətin kökləri VI-IX əsrlərə, Orta Asiyada - indiki Özbəkistan ərazisində yerləşən Buxara şəhərinə gedib çıxır. İlkin dövrlərdə “abri” və ya “abru” (buludvari, səma kimi) adlandırılan Ebru, suyun üzərində təbii boyalarla yaranan naxışlar vasitəsilə kağızların və yazılı mətnlərin bəzədilməsində istifadə olunub. Ebru yalnız estetik məqsəd daşımayıb, eyni zamanda səbir, diqqət və daxili tarazlıq yaradan bir vasitə kimi qəbul edilib.

Zamanla İpək Yolu vasitəsilə İrana, oradan isə Anadoluya yayılan Ebru sənəti Osmanlı dövründə bu gün tanıdığımız klassik formasını alıb. Lakin onun əsas mahiyyəti dəyişməyib - suyun üzərində nəzarətsiz, amma ahəngdar bir axın”, - deyə o bildirir.

Müsahibimiz söhbətinə davam edir:

“Ebru xüsusi hazırlanmış suyun üzərində icra olunur. Təbii, torpaq mənşəli boyalar fırça vasitəsilə suyun üzərinə səpilir, iynə uclu bizlər və ya çubuqlarla rənglərə istiqamət verilir. Lakin bu proses tam nəzarətə əsaslanmır. Rənglər suyun üzərində öz yolunu tapır və nəticə əvvəlcədən dəqiq bilinmir. Bu səbəbdən hər bir Ebru işi təkrarsızdır.

Rənglərin bu sənətdə xüsusi əhəmiyyəti var. İnsan çox zaman fərqində olmadan həmin anda ehtiyacı olan rənglərə yönəlir. Mavi və yaşıl sakitlik və tarazlıq hissi yaradır, qırmızı və narıncı enerji və hərəkət gətirir, torpaq tonları isə güvən və sabitlik hissi formalaşdırır. Beləliklə, rəng seçimi insanın daxili halının əksinə çevrilir.

Bu proses tələskənlik deyil, səbir və diqqət tələb edir. Rənglərin su üzərində yayılmasını izləmək insanı yavaşladır, düşüncələri sakitləşdirir və diqqəti indiki ana yönəldir. Gün ərzində daim hərəkətdə olan insanlar üçün Ebru zehni yüklənməni azaldan, rahatladan bir fasiləyə çevrilir”.

Onun sözlərinə görə, Ebru ilə məşğul olanların əksəriyyəti buraya gözəl bir iş ortaya qoymaq üçün deyil, bir az sakitləşmək, düşüncələrini susdurmaq üçün gəlir:

“Burada insan özünü sübut etməyə çalışmır, sadəcə var olur. “Özünü Yarat” Yaradıcı Sənət Mərkəzi də məhz bu ehtiyac üzərindən formalaşıb. Burada sənət öyrətmək qədər insanın öz ritmini tapmasına şərait yaratmaq önəmlidir. Nəticə deyil, proses dəyərlidir. Hər naxış bir dəfə yaranır və olduğu kimi qəbul edilir.

Bu gün Ebru sənəti artıq yalnız kağız üzərində deyil, həyatın müxtəlif sahələrində yaşayır. İstirahət gününün sonunda hazırlanan ebrulu yaylıqlar sevdiklərimizə və ya özümüzə verilən mənalı hədiyyəyə çevrilir. Keramika qablar üzərində işlənən Ebru naxışları isə gündəlik istifadə etdiyimiz əşyalara fərqli bir yaddaş qatır - insanın özünə ayırdığı zamanın səssiz şahidinə çevrilir”.

D.Hüseynzadə dediklərinə əlavə edir:

“Çünki insan təbiətin bir parçasıdır. Bəzən bunu xatırlamaq üçün çox uzağa getməyə ehtiyac olmur. Su axır, rəng yayılır, insanda sakitlik və həlimlik yaranır. Bu prosesi izlədikcə insan özünü görür - tələsdiyi yerləri, buraxmalı olduğu nəzarəti və axına güvənməyi xatırlayır. Bəlkə də, Ebru sənətinin insanlara bu qədər yaxın gəlməsinin səbəbi elə budur. O, bizə yeni bir şey öyrətmir, sadəcə unutduğumuz bir həqiqəti xatırladır: sakitlik də, tarazlıq da, rahatlıq da insanın öz təbiətindədir”.

Seçilən
118
1
hafta.az

2Mənbələr