AZ

Qayıdış prosesi Azərbaycan cəmiyyətində haqlı qürur hissi yaradır ŞƏRH

Bakı, 30 dekabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev öz ənənəsinə sadiq qalaraq ad gününü bu il də xalqın içində keçirdi. Bu dəfə o, öz xüsusi gününü xüsusi bir şəhərdə - bir zamanlar tamamilə dağıdılmış, indi bərpa olunan Ağdam şəhərində qeyd etdi. Həmin gün Ağdamda ikinci yaşayış kompleksinin açılış mərasimi keçirildi. Dövlətimizin başçısı mərasimdə çıxış edərək işğal dövründə törədilmiş dağıntılar, postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq işləri və Azərbaycanın ədalətli mövqeyi ilə bağlı mühüm məqamlara toxundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə söyləyib.

Dövlətimizin başçısının açılış mərasimi zamanı verdiyi mühüm mesajlara toxunan İ.Rizazadə deyib: “Prezident İlham Əliyev çıxışında bildirib ki, işğal illərində Ağdam şəhəri demək olar tamamilə yerlə-yeksan edilmişdi. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağ və ətraf rayonlar dağıdılıb, xüsusilə Ağdam şəhəri məqsədli şəkildə viran qoyulmuşdu. Biz özümüz də qeyri-hökumət təşkilatları olaraq Qələbədən sonra həmin ərazilərə səfər edərkən gördük ki, Ağdamda, necə deyərlər, daş daş üstündə qalmayıb. Bu ərazilərin minalanması isə Ermənistanın həmin torpaqları nə özününkü hesab etdiyini, nə də gələcəkdə dinc yaşayış haqqında düşündüyünü göstərir. Təxminən 30 il ərzində əsas məqsədin yalnız dağıtmaq, məhv etmək və talan etmək olduğu aydın görünür. Bu faktlar işğal siyasətinin sistemli və məqsədyönlü xarakter daşıdığını sübut edir. Bundan başqa, işğal dövründə Azərbaycanın tarixi-mədəni irsi də ciddi şəkildə məhv edilib. Məscidlər dağıdılıb, təhqir olunub, bəzilərində isə donuz saxlanılıb. Bu hallar dini və milli dəyərlərə qarşı açıq hörmətsizliyin göstəricisi kimi qiymətləndirilir. Ərazilərdə müşahidə olunan yazılar və təsvirlər vandalizmin miqyasını bir daha ortaya qoyur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Ermənistan harada məskunlaşmışdısa, həmin ərazilərdə tarixi irsi məhv edib. Qərbi Azərbaycan ərazilərində də azərbaycanlılara məxsus tarixi-mədəni izlərin silinməsi bu siyasətin davamı olub. Məqsəd aydın idi – torpaqları zəbt etmək, dağıtmaq və azərbaycanlı izini tamamilə silmək”.

İradə Rizazadənin sözlərinə görə, müxtəlif ölkələrdəki lobbilər vasitəsilə Ermənistanın işğal siyasəti daim dəstəklənib. İşğal olunmuş ərazilərdə yerləşən qızıl və digər faydalı qazıntı yataqları uzun illər talan edilib, Avropa şirkətlərinin bu prosesdə iştirakı təmin olunub. Bu, işğalın, eyni zamanda, iqtisadi maraqlara xidmət etdiyini göstərir.

“Prezident İlham Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt nəticəsində Azərbaycan güclü dövlətə çevrilib, ordu quruculuğu uğurla həyata keçirilib və 2020-ci ildə ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib. Qazanılan Qələbə Ümummilli Lider irsinə, Prezident İlham Əliyevin qətiyyətli liderliyinə, şəhidlərin fədakarlığına və Azərbaycan Ordusunun qəhrəmanlığına əsaslanır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir yaşayış məntəqələri salınır, məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin olunur. Bu qayıdış prosesi sosial və mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu gün Azərbaycan cəmiyyəti haqlı olaraq qürur hissi keçirir. İctimai birliklər və vətəndaş cəmiyyəti institutları da bu tarixi həqiqətlərin beynəlxalq arenada daha fəal şəkildə çatdırılması istiqamətində fəaliyyətini gücləndirməlidir”, - deyə QHT rəhbəri bildirib.

Seçilən
121
azertag.az

1Mənbələr