AZ

Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birliyimizin simvoludur

“Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən qürurlu günlərdən biri 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan xalqının birliyinin, bölünməzliyinin simvolu olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü milyonlarla soydaşımız tərəfindən dövlət bayramı kimi qeyd edilir”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə, milli birlik salnaməsinə və şərəfli keçmişə malikdir. Xalqımızın uzun əsrlər boyu yaratdığı dövlətçilik ənənəsi və irsi xarici istilalar nəticəsində müxtəlif dövrlərdə əlindən alınaraq unutdurulmağa çalışılıb. İşğalçı imperiyalar tərəfindən ərazisi zəbt edilərək dövlət müstəqilliyi və istiqlaliyyəti əlindən alınsa da, Azərbaycan xalqının milli birlik və bütövlük amalını, qayəsini heç vaxt sındırmaq mümkün olmayıb.

Xalqımız hər zaman müstəqillik və bütövlük yolunda mübarizəsini davam etdirərək vahid milli ideya ətrafında sıx birləşib. Hələ sovet hökumətinin tərkibində olarkən azərbaycanlılara qarşı yürüdülən müstəmləkəçilik siyasəti, təqiblər və kütləvi cəza tədbirləri belə xalqımızın milli azadlıq ruhunu, iradəsini sındırmamış, daim həmrəylik mücadiləsinə köklənmişdi. Ümummilli Lider Heydər Əliyev sovet rejiminin milli təqibləri davam etdirdiyi mürəkkəb şəraitdə ideoloji-siyasi baryerlərə sinə gərərək xalqımızın milli özünüdərki yolunda, azərbaycançılıq ideologiyası uğrunda sarsılmaz gücünü ortaya qoymuşdu. Ulu Öndər xalqda milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq üçün bir sıra tədbirlər həyata keçirib. Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyasında ən önəmli yerlərdən birini soydaşlarımızın milli vətənpərvərlik ruhunda tərbiyəsi tutur.

Ulu Öndər deyirdi ki, milli mənlik şüuru Vətən əxlaqıdır, milli əxlaqdır. Milli mənlik şüuru, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini özündə birləşdirir.

Seçilən
110
publika.az

1Mənbələr