AZ

Psixoloqlar zehni yorğunluğa qarşı effektiv üsul tapdı

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Amerikalı alimlər zehni yorğunluğun (mental fatigue) aradan qaldırılması ilə bağlı yeni və effektiv üsul müəyyən ediblər.

Redaktor.az bu barədə "The Conversation" portalına istinadla xəbər verir.

Məlumata görə, aparılan araşdırma göstərib ki, zehni yorğunluğun əsas səbəbi beynin enerji ehtiyatlarının tükənməsi deyil, motivasiyanın azalmasıdır. Bu yorğunluğu azaltmağın ən təsirli yolu isə konkret və ölçülə bilən məqsədlərin müəyyən edilməsidir.

Tədqiqatçılar zehni yorğunluqla bağlı klassik və müasir elmi işləri təhlil edərək müəyyən ediblər ki, bütün intellektual fəaliyyətlər eyni dərəcədə yorucu olmur. Bəzi hallarda insanlar uzun müddət çətin düşüncə fəaliyyəti ilə məşğul olsalar da, özlərini yorğun hiss etmirlər.

Araşdırma çərçivəsində Oreqon Universitetinin tələbələri üzərində bir neçə eksperiment aparılıb. İştirakçılar 26 dəqiqə ərzində diqqət və reaksiya sürətini ölçən eyni tip tapşırıqları yerinə yetiriblər. Onların bir hissəsinə konkret məqsəd — müəyyən edilmiş vaxtdan daha sürətli reaksiya vermək tapşırığı qoyulub, digər qrup isə məqsədsiz çalışıb.

Eksperimentlərin nəticələrinə görə, qarşısına getdikcə çətinləşən məqsədlər qoyulan tələbələr orta hesabla 10 faiz daha sürətli reaksiya verib, daha az diqqət dağınıqlığı yaşayıb və tapşırığın sonuna yaxın belə zehni yorğunluq əlamətləri göstərməyiblər.

Alimlərin fikrincə, bu nəticələr zehni yorğunluğun böyük ölçüdə işin nə dərəcədə mənalı və motivasiyaedici qəbul olunmasından asılı olduğunu təsdiqləyir.

Tədqiqatın praktiki nəticəsi isə belədir: uzun müddət diqqəti qorumaq üçün konkret, ölçülə bilən və mərhələli şəkildə çətinləşən məqsədlər qoymaq, eləcə də qısa fasilələr vermək tövsiyə olunur. Mütəxəssislər bildirir ki, hətta iki dəqiqədən az davam edən fasilə belə zehni fəaliyyət qabiliyyətini bərpa etməyə kömək edə bilər.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
89
1
redaktor.az

2Mənbələr