Son aylarda qlobal geosiyasi gərginliklərin artması və əsas mərkəzi bankların faiz siyasətində endirim qərarları qiymətli metalların qiymətini tarixi maksimum səviyyələrə qaldırıb. Bu trend Azərbaycandan da yan keçməyib: manat qarşısında qızıl və gümüş sürətlə dəyər qazanır. Belə ki, qızılın hər unsiyası artıq 7 675,8 manata, hər qramı isə 370,8 manata yüksəlib; gümüş isə hər unsiyada 135,64 manat, qramda isə 4,78 manat təşkil edir.
Ölkə.az bildirir ki, ekspertlər hesab edirlər ki, qızıl və gümüşdəki bu bahalaşma yalnız son aylara aid deyil – il əvvəlinə nisbətdə qızılın qiyməti 72%, gümüşün isə 167% artıb. Bu isə həm ölkə iqtisadiyyatı, həm də şəxsi investisiyalar üçün ciddi maraq doğurur.
Qiymətli metalların qiymətinin artması nə zamana qədər davam edəcək? İnsanlar qızıla investisiya qoymalıdırmı? Əgər qoymalıdırsa, hansı qızıl əyarı daha sərfəlidir və uzunmüddətli dəyər təmin edir?
Rüşvətə görə tutulan MƏMURLAR: “Onları başqasıyla əvəzləmək mübarizə metodu deyil” - Yeni Çağ
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Ən uğurlu və ən effektiv investisiya üsullarından biri daşınmaz əmlaka və yaxud qiymətli metallara yatırılan vəsaitlərdir. Dünyada baş verən qlobal siyasi gərginliklərə diqqət yetirsəniz görərsiniz ki, qızılın pik həddə bahalaşması 2022-ci ilin fevral ayından, Rusiya–Ukrayna müharibəsindən sonra başlayıb. İnsanlar öz aktivlərini, öz sərvətlərini daha etibarlı üsullarla qorumağa çalışıblar. Bu isə tarixən hər zaman qiymətli metallarda, xüsusilə də qızılda müşahidə olunub.
Qızılın bahalaşması fonunda diqqət yetirsəniz, gümüşün də bahalaşmasının şahidi oluruq. Belə olduğu halda dövlətlər, insanlar və investorlar öz sərvətlərini saxlamaq üçün etibarlı limanlar axtarırlar. Bu etibarlı limanlardan biri də qızıldır. Qızılın beynəlxalq qarşılığı var, asanlıqla pula çevrilə bilir. Son dövrlərdə baş verən hadisələr fonunda tələbat artdıqca qiyməti də yüksəlir. Onun qlobal indeksi mövcuddur və beynəlxalq səviyyədə tanınan etibarlı saxlanma vasitəsidir.
Məhz bu baxımdan insanlar daha çox yığımlarını qızılda saxlamağa başlayıblar. Hətta dövlətlər belə bu siyasətə üstünlük verirlər. Azərbaycan dövlətinin ehtiyat fondunun müəyyən hissəsi də məhz qızıl ehtiyatlarında saxlanılır. Çin, Rusiya və Hindistan kimi dövlətlərin də aktivlərinin mühüm hissəsi qızıldadır. Belə olduğu təqdirdə tələbat artır və bu da qiymətlərə birbaşa təsir göstərir.
Düşünürəm ki, bu hadisələr davam etdikcə – Yaxın Şərqdə, Ukraynada, eləcə də ABŞ və Venesuela arasında mövcud olan gərginliklər fonunda – proseslər müəyyən formada həll yolunu tapsa belə, geosiyasi risklər qalmaqda davam edəcək. Bu gərginliklər isə konkret olaraq bu məhsulların, xüsusilə də qızılın qiymətinin yüksəlməsinə gətirib çıxaracaq”.
Ekspert qeyd edir ki, artıq qızıl alma üsulu ilə bağlı insanların düşüncələri də dəyişib: “Əvvəllər qızıl daha çox zinət əşyası kimi alınırdısa, indi isə xüsusilə xam qızılın alışı həyata keçirilir. Yəni qızıl investisiya aləti və saxlanc vasitəsi kimi istifadə olunur, zinət əşyası məqsədilə yox. Artıq qızılın hansısa zinət görünüşü və ya forması insanları cəlb etmir. İnsanları cəlb edən onun dəyəri, yəni xam formadakı qiymətidir. Bu tendensiyanı biz xüsusilə Azərbaycanda da müşahidə edirik.
Bildiyiniz kimi, Azərbaycanın qızıl ehtiyatları o qədər də böyük deyil. Dünyanın ən böyük qızıl ehtiyatlarına malik ölkələr sırasında ABŞ, Almaniya və Rusiya yer alır. Azərbaycanda ehtiyatlar məhdud olduğu üçün biz qızılı əksər hallarda idxal edirik. Xüsusilə ərəb, rus qızılına, xam rus qızılına maraq var və bu istiqamətdə Azərbaycana idxal həyata keçirilir”.(musavat)