AZ

Azərbaycan TDT-də regional və qlobal nüfuzunu gücləndirir

Qlobal siyasi arena sürətlə dəyişir, yeni güc mərkəzləri formalaşır və regional ittifaqların qlobal sistemdə çəkisi artır. XXI əsrin siyasi coğrafiyası bu dinamika ilə xarakterizə olunur. Bu reallıq fonunda Türk Dövlətləri Təşkilatı (TDT) yalnız ortaq etnik və mədəni köklərə əsaslanan birlik modeli deyil, həm də siyasi suverenliklərin sinxronlaşdırıldığı, iqtisadi sinerji yaradıldığı və ortaq təhlükəsizlik müstəvisində strateji koordinasiyanın qurulduğu çoxölçülü platforma kimi ön plana çıxır. Bu təşkilat artıq yalnız mədəni birliyi deyil, həm də qlobal geosiyasi aktor kimi formalaşmaqda olan strateji müttəfiqlik modelini ifadə edir. TDT-nin sürətli genişlənməsi onu ənənəvi regional birliklərdən fərqləndirir. Gündəlikdə təkcə mədəni və humanitar məsələlər deyil, strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi sahələr də ön plana çıxır. Bu inkişaf TDT-ni sadəcə mədəni birlikdən çıxararaq, geniş və strateji təsirə malik bir platformaya çevirir.

Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir. Türk Dövlətləri Təşkilatı üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi və ortaq siyasət mexanizminin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu çərçivədə, ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və həmin tədbirdə qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və TDT-nin vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Prezident həmin Zirvə görüşü zamanı bəyan etmişdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu bəyanat türk dövlətlərinin qarşısında yalnız regional deyil, qlobal miqyasda tarixi hədəf qoydu. 2024-cü ilin noyabrında Bişkekdə keçirilən XI Zirvə Görüşü və 2025-ci ilin mayında Budapeştdə baş tutan qeyri-rəsmi Zirvə  Görtüşü də təşkilatın dinamik inkişafına mühüm töhfə verib. Xüsusilə Budapeşt görüşü əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.

Azərbaycan, həmçinin 30 illik işğaldan azad olunmuş ərazilərində qardaş ölkələrlə birgə həyata keçirdiyi infrastruktur və sosial layihələr vasitəsilə bu həmrəyliyi konkret fəaliyyətə çevirir. Qardaş dövlətlərin dəstəyi ilə həmin ərazilərdə məktəblər, yaradıcılıq mərkəzləri inşa olunub, yeni təhsil və mədəniyyət ocaqları yaradılıb. Prezident İlham Əliyev Bişkek Zirvəsində bu töhfələrə görə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstana təşəkkürünü bildirib.

TDT-nin fəaliyyət sahələri yalnız strateji və siyasi əməkdaşlıqla məhdudlaşmır. Mədəniyyət, təhsil və informasiya sahələri də təşkilatın prioritet istiqamətlərindəndir. Bu baxımdan, paytaxt Bakıda yerləşən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) Azərbaycanın mədəni liderliyini nümayiş etdirir və Türk dünyası ilə əlaqələri yüksək səviyyədə inkişaf etdirmək niyyətini əks etdirir. Bu strukturlaşmış və siyasi iradə ilə yönlənən yanaşma nəticəsində Türk Dövlətləri Təşkilatı artıq qlobal sistemə inteqrasiya olunmuş bir güc platforması kimi formalaşır. Məqsəd yalnız əməkdaşlıq formatlarını optimallaşdırmaq deyil, həm də üzv dövlətlərin beynəlxalq münasibətlərdə vahid strateji mövqedən çıxış etməsini təmin etməkdir. Təşkilat çərçivəsində iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət, turizm, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər istiqamətlər üzrə də çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir.

Türk Dövlətləri Təşkilatına olan maraq əhəmiyyətli dərəcədə artıb. Bu, müxtəlif ölkələrin təşkilat çərçivəsində aparılan fəaliyyətlərdə aktiv iştirakı və maraq göstərməsi ilə açıq şəkildə müşahidə olunur. Təşkilatın fəaliyyəti yalnız üzv dövlətlər üçün deyil, həm də beynəlxalq aləmdə diqqət mərkəzindədir. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib. O bildirib ki, Azərbaycan 10-15 il əvvəlki dövrlə müqayisədə fərqli bir resurs bazası və regional imkanlara malik ölkə kimi çıxış edir. Ölkəmiz həm regional, həm də qlobal proseslərdə aktiv iştirak etmək potensialına sahibdir.

Beləliklə, Azərbaycanın TDT-dəki fəal rolu və təşəbbüsləri həm təşkilatın regional təsirini gücləndirir, həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
8
12
ikisahil.az

10Mənbələr