Yüksək təhlükəsizlik səviyyəsi, müasir texnologiyalar və geniş salonu münasib qiymətə təqdim edən krossover tapmaq asan deyil. Bununla belə, satışda hələ də bu tələblərə cavab verən modellər mövcuddur.
Hit.az xəbər verir ki, “GoBankingRates” nəşri 2025-ci ildə almağa dəyər 4 krossoveri açıqlayıb. Ekspertlərin fikrincə, bu avtomobillər öz seqmentlərində ən yaxşı modellər sırasındadır.
“Kia Niro”
Avtomobil eksperti və “EVhype” platformasının yaradıcısı Rob Dillan bildirib ki, “Kia Niro” haqsız olaraq diqqətdən kənarda qalır. Onun sözlərinə görə, bu krossover çox aşağı yanacaq sərfiyyatı və praktik interyer təklif edir.
Ekspert qeyd edib ki, hazırda istehlakçılar daha iri avtomobillərə üstünlük versələr də, “Kia Niro” son dərəcə səmərəlidir, rahat parklanır və gündəlik istifadə üçün ən əlverişli avtomobillərdən biridir. O əlavə edib ki, bu modelin qiyməti 35 min dolları keçmir.
“German Car Depot”un sahibi Alan Helfand isə bildirib ki, satışların yüksək olmamasının əsas səbəbi alıcıların seçimdə tərəddüd etməsidir. Onun sözlərinə görə, “Kia Niro” həm hibrid güc qurğusu ilə, həm də tam elektrik versiyasında təklif olunduğundan, bəzi alıcılar qərar verməkdə çətinlik çəkir.
“Volkswagen Taos”
“Volkswagen Taos” “Honda HR-V”, “Mazda CX-30”, “Subaru Crosstrek” və “Buick Encore GX” modelləri ilə rəqabət aparır. Məhz bu səbəbdən potensial alıcılar bu krossoveri tez-tez nəzərdən qaçırırlar.
Dillanın sözlərinə görə, “Volkswagen Taos” öz sinfi üçün gözlənilməz dərəcədə komfortludur və aşağı yanacaq sərfiyyatı ilə seçilir.
“Toyota 4Runner”
“Toyota 4Runner” kifayət qədər bahalı avtomobil kimi görünə bilər, lakin bu model yüksək etibarlılığı ilə tanınan tamhüquqlu ortaölçülü yolsuzluq avtomobilidir. Dillan qeyd edib ki, dizayn baxımından bir qədər köhnəlmiş təsir bağışlasa da, bu krossoverə mütləq diqqət yetirmək lazımdır.
“Subaru Outback”
Dillan bildirib ki, “Subaru Outback” sahibləri bu krossoverdən uzun illər istifadə edə bilirlər. Onun sözlərinə görə, buna səbəb modelin yüksək etibarlılığıdır.
Ekspert vurğulayıb ki, “Subaru Outback” uzunmüddətli istifadə üçün nəzərdə tutulan, rahat, təhlükəsiz və pis hava şəraitinə uyğunlaşdırılmış krossoverlərdəndir.
Samir