Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Ermənistan 2-ci Qarabağ müharibəsindən sonra keçən 5 il və antiterror tədbirlərindən sonra ötən 2 il ərzində sülh istiqamətində real addımlar atmaq əvəzinə, prosesə mane olan mövqelər sərgiləyib. Halbuki Cənubi Qafqazda formalaşan yeni reallıqlar təkcə Azərbaycanın deyil, ümumilikdə regionun – o cümlədən Ermənistanın maraqlarına cavab verir”.
Bu fikirləri politoloq Xəyal Bəşirov Xalqcebhesi.az-a açıqlaması zamanı söyləyib.
O qeyd edib ki, Ermənistanın bu addımları təkbaşına atmaması, arxasında qərbdəki müəyyən dairələrin dayandığını göstərir:
“Avropa İttifaqının Ermənistanla bağlı strateji sənədlərində nə Zəngəzur dəhlizi, nə sülh mətni, nə də post-münaqişə reallıqları ilə bağlı obyektiv yanaşma yer alır. Əksinə, artıq mövcud olmayan ‘Dağlıq Qarabağ’, ‘məcburi qaçqın’ kimi ifadələrdən istifadə edilməklə prosesə köhnə münaqişə çərçivəsi qaytarılmağa cəhd edilir. Bu, sülhə xidmət etmir, əksinə, regionda sabitliyi ləngidir. Ermənistanın sülhdən danışıb, lakin prosesə mane olan mövqelərə reaksiya verməməsi onun səmimiyyətini şübhə altına alır.
Paşinyan sülhün vacibliyindən danışır, amma Avropa İttifaqının təhrif edilmiş yanaşmalarına etiraz etmir. Bu isə Ermənistanın öhdəlik daşıyan tərəf kimi davranmaq istəmədiyini göstərir. Sanki Ermənistan kənardan müşahidəçi kimi dayanır və prosesin əsas yükünü Azərbaycanın üzərinə qoymaq istəyir. Halbuki 2-ci Qarabağ müharibəsindən sonra qəbul edilmiş öhdəliklər var və onlara əməl olunmalıdır”.
Politoloq vurğulayıb ki, bütün bu cəhdlərə rəğmən, regionda formalaşan yeni reallıqların geri dönüşü yoxdur:
“Bu prosesin qarşısını almaq mümkün deyil. Artıq elə bir mərhələ başlayıb ki, onu geriyə qaytarmaq qeyri-mümkündür. Azərbaycan öz təhlükəsizlik siyasətini məhz buna uyğun qurur. Son Qarabağ səfərində Prezident də qeyd etdi ki, Azərbaycan mümkün təhdidlərdən qat-qat güclü müdafiə qabiliyyətinə və ordu quruculuğuna sahib olmalıdır və olacaq. Ermənistan anlamalıdır ki, hər hansı yanlış addım atarsa, onun cavabını alacaq. Sülh prosesini ləngitmək müvəqqəti ola bilər, amma tam dayandırmaq mümkün deyil. Regionun gələcəyi real siyasətin diktə etdiyi istiqamətdə formalaşır”.
Günel Elxan
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.