AZ

Premyer Liqa fasiləyə kimi

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Premyer Liqasında qış fasiləsidir. 16 turdan sonra “Sabah” tarixində ilk dəfə qış çempionu kimi dövrəni tamamlayıb. “Qarabağ” isə “bayquşlar”dan bir xal geridədir və ikinci kimi fasiləyə yollanıb.

“Üçlük”

“Sabah”

Valdas Dambrauskasın rəhbərliyi altında mövsümə başlayan “bayquşlar” əvvəlki bir neçə turda qeyri-stabil oyun sərgiləsə də, formasını yaxalayıb. Həm evdə, həm səfərdə inamlı oynayan “futuristlər” son 15 rəsmi matçda məğlub olmayıb. Liqada lider olan komanda Azərbaycan Kubokunda da yoluna davam edir.

Əsas hücumçusu Pavol Şafrankonun yoxluğunda qol yükünü daşıyan Coy-Lens Mikels gözləntiləri doğruldur. Alman futbolçu 9 qolla bombardirdir. Müdafiədə intizamı ilə diqqət çəkən “Sabah” performansını mövsümün qalan hissəsində də davam etdirə bilsə, çempionluq şansları böyük olacaq.

“Qarabağ”

Çempionlar Liqasında pley-off şanslarını saxlayan “Qarabağ” ikinci pillədə olmasına baxmayaraq, çempionluğun əsas favoritidir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha əvvəlki illərdə də qış fasiləsinə doğru xal itkiləri yaşamış, lakin geridönüşlər etməyi bacarmışdı. Heyətinə görə liqanın ən yaxşısı olan “atlılar” kubokda da mübarizəni davam etdirir. Üç turnirdə mübarizə aparan “Qarabağ”ın yorğunluğu normaldır.

Komandada indiki məqamda əsas problem oyunçulara olan təkliflərdir. Pedro Bikalyo, Marko Yankoviç, Mateuş Koxalski, Mateus Silva kimi əsas futbolçuların “elçiləri” var və təbii hal olaraq oyunçuların diqqət yayğınlığı problemi yaranıb. Qurbanovun əsas məqsədi aparıcı fiqurları saxlamaq və heyətə əlavə güc qatmaqdır. “Qarabağ”dan transfer dönəmində azı 2-3 yeni oyunçunun heyətə cəlb edilməsi gözlənilir.

Avrokubok mübarizəsi

Avrokuboklara vəsiqə indiki məqamda “Zirə”, “Turan Tovuz”, “Sumqayıt” və “Araz-Naxçıvan” arasındadır. 6-cı “Araz-Naxçıvan”dan 6 xal geri olan “Şamaxı” və “Neftçi”ni mübarizəyə qoşmaq olar. Xüsusilə “Neftçi”dən ikinci dövrədə geridönüş gözlənilir. Kifayət qədər yaxşı heyəti olan “ağ-qaralar” yeni baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında yaxşı oyun sərgiləyir.

“Turan Tovuz” və “Sumqayıt” isə qeyri-stabilliyin “qurbanı”dır. Ardıcıl uğurlu seriya yaxalayan komandalar ani enişlə geri düşürlər. “Sumqayıt” daha rahatdır və komandanın qarşısında avrokuboklara mütləq vəsiqə hədəfi qoyulmayıb. “Turan Tovuz”da isə düşüncə çempionluqdur ki, komandanın liderlərdən geri düşməsi haqlı narazılıqlara və təzyiqə səbəb olur. Fasilədən sonra komandanın avrokubok, yoxsa çempionluq mübarizə aparacağı məlum olacaq.

Autsayderlər

Liqanı tərk etməyə əsas namizəd “Karvan-Yevlax”dır. Mövsümə Azər Həşimovla başlayan, daha sonra postu Füzuli Məmmədova tapşıran bölgə klubu uzun müddətdir, qələbə qazanmır. 16 turda cəmi bir dəfə – II turda üç xala sevinən yevlaxlılar sonuncu pillədə qərarlaşıb. Heyət baxımından da axsayan “Karvan-Yevlax”ın güclənməsinə ehtiyac var. Xüsusilə yaxşı hücumçu və pleymeykerə ehtiyacı olan bölgə klubundan yeni transferlər gözlənilir.

“Kəpəz” isə Azər Bağırovun təyinatından sonra oyun baxımından irəliləyib. Gəncə təmsilçisi çempionatda heç-heçə olmayan yeganə kollektivdir. Aktivində 9 xalı olan “Kəpəz” autsayderi 3 xal qabaqlayır. Liqada qalmaq üçünsə daha çoxuna ehtiyac var. Komandanın potensialı yaxşı sonluğa ümid verir.

“Qəbələ” isə oyunu ilə nəticələri üst-üstə düşməyən komandadır. Kaxaber Sxadadzenin komandası çempionatda 16 turda bəlkə də, ən çox hücum edən kollektivdir. Buna baxmayaraq, təcrübəsizlik əsas problemə çevrilib. 10 qol epizodundan 1-ni reallaşdıra bilən “qırmızı-qaralar”ın yaxşı bitirici hücumçuya ehtiyacı var. Hər bir halda, “Qəbələ”nin sərgilədiyi oyun komandanın liqada qalmasıyla bağlı pozitiv düşünməyə əsas verir.

Sürprizlər

Tarixində ilk dəfə “Araz-Naxçıvan”ı Konfrans Liqasına aparan, komandaya “bürünc” medal qazandıran baş məşqçi Elmar Baxşıyevin istefaya göndərilməsi gözlənilməz oldu. Komandada əcnəbi məşqçi axtarışları var və dövrədən sonra “Araz-Naxçıvan”ın durumu ilə bağlı fikir yürütmək çətindir. Hər bir halda, 26 xalı olan naxçıvanlıların avrokubok yarışını sona qədər davam etdirəcəyi məlumdur.

Mövsümün digər gözlənilməzləri isə “Şamaxı” və “İmişli”dir. “Şirlər” turnir cədvəlində 7-ci, “İmişli” isə 9-cudur. Xüsusilə “İmişli”nin 17 xal toplaması gözlənilməz oldu. Mövsümün əvvəlində ən çox tənqid edilən, autsayder gözündə göstərilən komanda səfərdə “Neftçi”, “Sabah” kimi komandalara qalib gəldi və asan rəqib olmadığını göstərdi. “İmişli”də hədəf liqada qalmaqdır və bu, demək olar böyük ölçüdə həll edilib.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
31
futbolpress.az

10Mənbələr