ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
CİNAYƏT İŞİ
Qısa arayış...
2023-cü il oktyabrın 13-də Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi olur. Hadisə şahidi dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat verir. Əraziyə yollanan hüquq-mühafizə orqanı əməkdaşları müəyyən edirlər ki, qətl Bakıxanov qəsəbəsi, M.Abışov küçəsi 8 ünvanında, qarajların arxasında baş verib.
Ağcabədi rayon sakini 1984-cü il təvəllüdlü Nəsimi Hüseynov polis əməkdaşlarına yaxınlaşaraq, təslim olub.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1988-ci il təvəllüdlü Elməddin Hüseynovun bədənində 52 ədəd bıçaq yarası aşkar edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.İstintaqla müəyyən edilib ki, oktabrın 13-də Nəsimi Hüseynov Bakıxanov qəsəbəsində əmisioğlu Elməddin Hüseynovun işlədiyi marketə gedib. Çay içib söhbət etmək bəhanəsi ilə onu aldadaraq, birlikdə mağazadan çıxıblar. Abışov küçəsindəki 8 nömrəli evin yanına gəldikdən sonra, Nəsimi Hüseynov qohumundan arvadı barədə yaydığı böhtan xarakterli söz-söhbətlərə son qoymasını tələb edib. Əmisioğlu hər hansı sübut olmadan onun yoldaşı Samirə Hüseynovanın ünvanına nalayiq ifadələr işlətdikdə, bunu özünün, həm də ailəsinin şərəf və ləyaqətini alçaldan hərəkət kimi qəbul edib. Bıçaqla Elməddin Hüseynovun qışqırmasına və yalvarışlarına məhəl qoymadan, boyununa, sinəsinə və qarnına, ümumilikdə 52 dəfə zərbə endirib. Nəticədə Elməddin hadisə yerində ölüb.

Elməddin Hüseynov - ağ köynəkdə mağazasının önündəİş üzrə dindirilmiş Nəsimi Hüseynov bildirib ki, 2008-ci ildə Samirə Hüseynova ilə ailə həyatı qurub, nikahdan 3 övladları dünyaya gəlib. Bakıxanov qəsəbəsində qayınatasının bağışladığı evdə yaşayıblar:
“Müxtəlif tikinti şirkətlərində usta işləyirdim. 2021-ci ildən Rusiya Federasiyasının Mahaçqala şəhərində çalışırdım. Yoldaşım Bakıxanov qəsəbəsində yerləşən şirniyyat mağazasında satıcı işləyirdi. Münasibətimiz yaxşı idi. 2023-cü ilin fevral ayında Bakıya qayıtdım. Günlərin bir günü atam Səttar Hüseynov zəng edib evə çağırdı. Söhbət zamanı atam arvadımın mənə xəyanət etdiyini, buna görə boşanmalı olduğumu bildirdi. Atam dedi ki, bu barədə ona əmim Ədilxanın oğlu Elməddin deyib. Hətta əmim oğlu guya kimləsə görüşən zaman Samirəni telefonla şəkilini və videosunu çəkib.

Mən də öz növbəmdə atama bu məsələni aydınlaşdıracağımı söylədim. Növbəti gün Elməddinin Bakıxanov qəsəbəsində işlədiyi “Möcüzə” adlı marketə gedib onu çölə çağırıb arvadımın video və foto görüntülərini göstərməsini tələb etdim. Söhbət zamanı Elməddin Samirəni həqiqətən başqa kişi ilə görüşən, hətta öpüşən zaman gördüyünü, bunları çəkdiyini bildirsə də, görüntüləri mənə göstərmədi. Guya telefonunun oğurlandığını dedi. Həmin gün axşam arvadımı və əmim oğlunu qardaşımgilin yaşadığı evə çağırıb orda üzləşdirdim. Orda Elməddinin sözlərində yalan olduğunu hiss etdim. Elməddinin niyə belə dediyini soruşanda Samirə mənə dedi ki, iş yoldaşı olan bir nəfər ona marketin yanında pul borcunu qaytarırdı. Dayanıb onunla söhbət edərkən, Elməddin bizi görüb və bunu başqa cür başa düşüb”.
Bu söhbətdən sonra Nəsimi Hüseynov aprel ayınadək Samirəni izləyib, lakin yoldaşının hərəkətlərində hər hansı şübhəli məqam aşkar etməyib. Dəfələrlə Elməddindən arvadının kiminləsə görüşməsini özündə əks etdirən görüntüləri göstərməsini tələb etsə də, əmisi oğlu müxtəlif bəhanələrlə bundan yayınıb. Aprel ayında işi ilə əlaqədar yenidən Mahaçqala şəhərinə gedib:

Nəsimi və Elməddin
“Sentyabr ayında “Whatsapp” tətbiqi vasitəsi ilə Elməddinə zəng edib nəyə görə ailəmi biabır etdiyini soruşdum. O, cavab olaraq Bakıya gələndə, söhbət edərik dedi. Yoldaşım barəsində yalan şaiyələr yaydığı üçün cəzalandırmaq məqsədi ilə Elməddinə bıçaqla xəsarət yetirəcəyimi qərarlaşdırdım. Oktyabrın 5-də Bakıya qayıtdım. Ayın 12-də günorta evdən çıxdım, Bakıxanov ticarət mərkəzinə yollanıb 1 manat 60 qəpiyə mətbəx bıçağı aldım. Elməddinin iş yerinə getsəm də, onu orda tapa bilmədim. Oktyabrın 13-də saat 12-də bıçağı cibimə qoyub yenidən marketə getdim. Elməddinə söhbət etmək istədiyimi söyləyərək, bayıra çıxmasını xahiş etdim. Danışa-danışa küçə ilə hərəkət edib avtoyuma məntəqəsinin arxasındakı dalana çatdıq. Elməddinin arvadım haqqında işlətdiyi nalayiq ifadədən əsəbiləşərək, gödəkcəmin cibindən bıçağı çıxartdım. Dayanmadan, var gücümlə zərbələr vurarkən, əmim oğlu qışqırıb qaçmağa çalışırdı. Mən isə buna imkan verməyərək, xəsarətlər yetirməkdə davam edirdim. Elməddin yerə yıxılaraq, hərəkətsiz vəziyyətdə qaldı. 102 xidmətinə zəng edib adam bıçaqladığımı və olduğum yeri dedim. Sonra yola çıxdım, bir neçə dəqiqədən sonra Post-Patrul avtomobilinin gəldiyini görüb ona əl etdim. Polis əməkdaşlarına hadisə yerini göstərdim”.

Elməddini təcili tibbi yardım avtomobilinə qoyub xəstəxanaya, onu isə bölməyə aparıblar. Nəsimi Hüseynov əlavə edib ki, cinayəti törədəcəyi barədə, əvvəlcədən heç kimə məlumat verməyib. Elməddinin arvadı barəsində yaydığı rüsvayedici və həqiqətə uyğun olmayan məlumatlardan xəbərdar olduqdan sonra əsəbləri qismən pozulub. Qurban Piriyevlə aralarında, xatırlamadığı tarixdə telefon danışığı olub. Dialoq zamanı o, Qurbana bu yalan söz-söhbətlərə görə ailəsinin dağıldığını, ona görə də görüşüb, bu məsələni aydınlaşdırmaq istədiyini söyləyib. Həmin şəxs isə, Samirəni öz bacısı gözündə gördüyünü, aralarında yalnız iş yoldaşı münasibəti olduğunu, Elməddin Hüseynovun qadına böhtan atdığını bildirib. Bununla da aralarında olan söhbət yekunlaşıb. Bir daha Qurban Piriyevlə əlaqə saxlamayıb.
Şahid Saleh Hüseynov bildirib ki, 2022-ci ilin qış aylarında mağazada alış-veriş edən zaman Elməddin ona küçədə Nəsiminin arvadının tanımadığı şəxslə söhbət etdiyini deyib:
“Çölə çıxanda qardaşım Müşfiqin həmin adamla danışdığını görüb. Yaxınlaşıb nə məsələ olduğunu soruşanda, arxadan gələn Elməddin imkan verməyərək, Qurbanı yumruqla vurdu. Qurbanın qoluna girib onu ayağa qaldırdıq. Elməddinə dedik ki, nə məsələ olduğunu aydınlaşdırmağa imkan versin. Qurban adlı oğlan iş yoldaşı Samirədən borc pul aldığını, indi isə onu qaytardığını bildirdi. Amma Elməddin dediklərinə məhəl qoymayıb yenə onu vurdu. Səhərisi gün Elməddini və Müşfiqi 13-cü bölməyə çağırdılar. Qurban Piriyevlə aralarında barışıq əldə olundu. Hər dəfə Elməddinə deyirdim ki, sübutu varsa təqdim etsin, amma o, söhbətdən yayınırdı. 2023-cü il oktyabrın 13-də arvadım zəng edərək, dedi ki, Nəsimi Elməddini öldürüb. Nəsiminin Azərbaycana qayıtmasından xəbərim olmayıb”.
Şahid Samirə Hüseynova ifadəsində göstərib ki, iş yoldaşı Qurban Piriyevlə bir mağazada çalışıblar. Dəqiq yadında qalmayan tarixdə Qurban ondan 42 manat borc pul alıb:
“3-4 gündən sonra əmək haqqı aldıq. Saat 18-də işdən çıxıb evə gedərkən Qurban kartdan pulu çıxarıb verəcəyini söyləsə də, ona gec olduğunu və pulu sabah verməsini dedim. Buna baxmayaraq, Qurban israrla pulu indi vermək istədiyini bildirdi və yaxınlıqda olan bankomata tərəf getdi. Qurban gəlib pulu mənə verən zaman arxa tərəfdən yoldaşım Nəsiminin qardaşı Müşfiq və əmisi oğlu Elməddin məni çağırdılar. Yaxınlaşıb həmin kişinin nə üçün mənə pul verdiyini soruşanda, onlara Qurbanın iş yoldaşım olduğunu və borc verdiyi pulu qaytardığını dedim. Qaynım Müşfiq buna inansa da, Elməddin yalan danışdığımızı və aramızda guya sevgi münasibəti olduğunu, Qurbanla məni qucaqlaşıb öpüşərkən gördüyünü, hətta telefonla kənardan görüntülərimizi çəkdiyini bildirdi. Müşfiqlə Qurbanın arasında sözlü mübahisə yarandı, Elməddin yumruq zərbəsi ilə vurub, iş yoldaşımı yerə yıxdı.

Onlara Elməddinin böhtan atdığını, Qurbanla aramızda heç nə olmadığını izah etməyə çalışdım. Təxminən 1 saat mübahisədən sonra qaynımla birlikdə evə gəldik. Baş verən hadisə barədə yoldaşıma məlumat vermək istəsəm də, ailə üzvlərim buna ehtiyac olmadığını bildirdilər. Bundan 3-4 ay sonra qaynatam Səttar Hüseynov ərimə zəng edərək, ona həqiqətə uyğun olmayan məlumat verdi və təcili Bakıya gəlməsini dedi. Yoldaşımla münaisbətimiz pozulmasa da, qaynatam boşanmağımızı istədi. Boşanma ilə bağlı Sabunçu rayon məhkəməsinə müraciət etdik. Hadisədən təxminən 5 gün əvvəl Nəsimi Dağıstandan qayıtdı. Oktyabrın 13-də günorta işdə olanda polis bölməsinə dəvət olundum. Orda olanda bildim ki, ərim əmisioğlunu öldürüb. Elməddin Hüseynovun barəmdə rüsvayedici məlumatlar yayması, Nəsimiyə çox pis təsir etmişdi. Yoldaşım sanki bunu özünə sığışdıra bilmirdi, hər dəfə Elməddinin düzgün hərəkət etmədiyini deyirdi”.
Samirə Hüseynova əlavə edib ki, nə Elməddin Hüseynovla, nədə Qurban Piriyevlə aralarında sevgi münasibəti olmayıb. Bütün bunlar böhtandır.
Şahid Ramin Yaqubov bildirib ki, Elməddin Hüseynovla birlikdə marketdə satıcı işləyib:
“2020-ci ildə Elməddin arvadımın bacısı Zəminə Həsənxanova ilə evlənib. Elməddinin əmisi oğlu Nəsimi Hüseynovu tanıyırdım. Oktyabrın 13-də onların meyvə bölməsinin qarşısında dayanıb söhbət etdiklərini, sonra küçəyə çıxdıqlarını gördüm. Həmin vaxt Nəsimini arxadan səsləyib, hal-əhvalını soruşanda, o, əmisioğlu ilə görüşməyə gəldiyini söylədi. Yarım saatdan sonra Elməddinin qayıtmadığını görüb ona zəng etdim. Amma cavab verən şəxs polis əməkdaşı olduğunu, Elməddinin öldürüldüyünü və hazırda xəstəxanada olduğunu dedi. Buna görə dərhal Sabunçu Tibb Mərkəzinə getdim”.Şahid Fərahim Şirəliyev bildirib ki, ailə üzvləri ilə birlikdə M.Abışov küçəsi, 23 ünvanında yaşayır:

“Oktyabrın 13-də küçəyə çıxarkən, bir kişinin qarşısında, çökmüş vəziyyətdə olan digər şəxsə bıçaqla ardıcıl zərbələr vurduğunu gördüm. Qorxduğum üçün onlara yaxınlaşdım, 102 xidmətinə zəng edib, məlumat verdim. Bir neçə saniyədən sonra həmin şəxs əlindəki aləti yerə ataraq, ordan uzaqlaşmağa başladı. Yerdə yıxılıb hərəkətsiz vəziyyətdə qalan şəxs can verirdi. Buna görə Təcili Tibbi yardıma zəng etdim”.Məhkəmə iclasında Nəsimi Hüseynov bildirib ki, əmisi oğlu ona arvadının başqa şəxslə xəyanət etdiyini deyib, amma heç bir sübut təqdim etməyib. Bununla bağlı bir dəfə əmisinə zəng edib, iradını bildirib. Əmisi də Elməddini oğulluqdan sildiyini söyləyib. Hadisə günü Elməddin üzr istəsəydi, bu hadisə baş verməzdi. Əməlindən peşman olduğunu bildirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Ədilxan Hüseynov ifadəsində göstərib ki, qardaşı oğlu Nəsiminin yoldaşı ilə bağlı gəzən söz-söhbətdən onun xəbəri olmayıb:
“Oğlum Elməddin öldürüləndən sonra qardaşım və ailəsi bir dəfə yasda oldu. Üzrxahlıq etmək əvəzinə, məndən gedib prokurorluqda şikayətçi olmamağım haqda ərizə yazmağımı istədilər. Aramızda barışıq olmayıb. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edirəm”.

Elməddinin meyitiMəhkəmə hesab edib ki, Nəsimi Hüseynovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Odur ki o, həmin maddənin sanksiyası həddində, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsimi Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.