Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Bəli, mənim də təhlillərimə görə, “KQB”-nin də araşdırmalarına əsasən meydanda həqiqətən də 10 milyondan çox pul yığılıb..."
“Mən mitinqlər zamanı 3-4 gün ərzində tribunadan xalq müraciət etmişəm və aydın şəkildə bildirmişəm ki, meydanda pul yığılması bizə qarşı təxribatdır. Bu, bizi, xalq hərəkatını ləkələmək məqsədi güdür. Həbs olunandan sonra isə eyni fikirləri “KQB” müstəntiqlərinə də demişəm...”
"Rəsulun həyat yoldaşı bir gün bir HÜZR yerində mənimlə görüşüb ağlayaraq dedi ki, sən elə bilirsən, Rəsul sənə xəyanət edib. O sənə xəyanət etməyib, o yığılan pulun 70 faizini Əbülfəz bəyə verib..."
17 noyabr-5 dekabr1988-ci il tarixlərində keçirilmiş məşhur Meydan hərəkatı barədə son yazılarımızdan birinin sonunda belə bir sual vermişdik:
“Kitabın bu epizodunda diqqəti cəlb edən məqamlardan biri də rayonların partiya komitələrinin 1-ci katiblərinin Meydan üçün yığdıqları pulun Nemət Pənahovun adamına çatdırılmasıydı…Çox maraqlıdır ki, televiziya ilə rəsmi çıxışlarında Meydana toplaşanları ekstremist qüvvələr adlandıran Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərləri nədən bir zavod fəhləsinin yaratdığı fonda rayonlardan, həmçinin idarə, müəssisə, ali məktəb, fabrik, zavodlardan və s. pul toplanmasına imkan verirdi?”
Moderator.az-a açıqlamasında Nemət Pənahlı bu suala belə cavabb verib:
“Burada səhv edirsiniz, yanlış deyirsiniz (Cavabında bir daha həmsöhbətimizin nəzərinə çatdırırıq ki, bu faktlar istintaq materiallarında var). Mən mitinqlər zamanı 3-4 gün ərzində tribunadan xalq müraciət etmişəm və aydın şəkildə bildirmişəm ki, meydanda pul yığılması bizə qarşı təxribatdır. Bu, bizi, xalq hərəkatını ləkələmək məqsədi güdür. Həbs olunandan sonra isə eyni fikirləri “KQB” müstəntiqlərinə də demişəm. İstintaq materiallarında bu da var. Və təbii ki, artıq meydana rəhbərlik etdiyimə görə pul yığılmasında da mənim adım hallanırdı. Hətta mənim adıma rayonlardan poçtla da pul göndərilirdi. Yəni mənim adım hallandırıldığına və məsuliyyət mənim üzərimdə olduğuna görə, bu kampaniyanın qarşısını ala bilmədiyimə görə onda ən çox etibar etdiyim, ən çox inandığım adam olaraq Rəsul Ələkbərova tapşırdım bu işi. Onu oturtduq bir çadırda və camaata da müraciət etdim ki, pul vermək istəyən yalnız Rəsula versin. Və bəli, ondan sonra pul əsasən Rəsula verilib. Ancaq məsələ ondadır ki, orada Firudin Cəlilovun başçılığıyla nümayiş komitəsi də pul yığırdı, digərləri də pul yığıbdı. Onlardan heç birinin adı hallandırılmır. Və bu məsələlərlə bağlı mən dəfələrlə müsahibələrimdə hesabat vermişəm. Bəli, mənim də təhlillərimə görə, “KQB”-nin də araşdırmalarına əsasən meydanda həqiqətən də 10 milyondan çox pul yığılıb... Ancaq mən türmədə olanda sonradan bildim ki, ən şox etibar etdiyim, inandığım, yaxın dostum və adamım olan həmin Rəsul Ələkbərovun əlindən yığılan pulun 70 faizini kimlərsə alıb. Bir az da qohum-qardaşına verib. Uzun sözün qısası, mən türmədən çıxandan sonra mənə cəmi 40 min manat pul veriblər. O zaman biz şoka düşdük. Bundan sonra da biz hətta həmin Rəsulu hədələmişik, öldürmək istəmişik ki, o boyda pulu neyləmisən –danıbdı. O vaxt Əbülfəz bəy də imkan vermədi ki, biz Rəsulu cəzalandıraq. Mənə dedi ki, ayıbdır, sən bu məsələni qaldırma, o boyda möhtəşəm hərəkat olubdur- pul söhbəti ilə onu gözdən salmayaq...

Ondan sonra, Heydər Əliyev hakimiyyətə gəldikdə və mənə də vəzifə verildikdən sonra yenə də bu məsələni aydınlaşdırmağa çalışdım. Onda Rəsul qaçıb getdi Qazaxıstana. Çünki bilirdi ki, mən ondan əl çəkən deyiləm. O zaman mən bir neçə dəfə də bu mövzuda müsahibələr verdim. Həmin Rəsulun həyat yoldaşı bir gün bir hüzr yerində mənimlə görüşüb ağlayaraq dedi ki, sən elə bilirsən, Rəsul sənə xəyanət edib. O sənə xəyanət etməyib, o yığılan pulun 70 faizini Əbülfəz bəyə verib. Qalanını da dayısı aldadıb əlindən alıb. Bir hissəsini də orda pul yığanlar talan elədi. Bundan sonra Rəsulun da özünü hədələyiblər ki, bu məsələni Nemətə desən, səni öldürəcəyik. Yəni onun həyat yoldaşı dedi ki, Rəsul sənə xəyanət etməyib. İndi, o nə dərədəcə düz deyir, nə dərəcədə səhv deyir- Allah bilir...

Bir daha xatırladıram ki, Meydan hərəkatı vaxtı Firudin Cəlilovun başçılığıyla “nümayiş komitəsi” də pul yığırdı, Bəhlul Sultanlıya, Vurğun Əyyuba da pul verilirdi. Xalq hərəkatı nəticəsində bir çox cəmiyyətlər və təşkilatlar da meydana çıxdı. Məsələn, “Oayğı” cəmiyyəti yarandı- xalqın arasında böyük hörmətə malik olan Xudu Məmmədovu, Bəxtiyar Vahabzadəni, İmam Mustafayevi qoydular onun başına, reklam etdilər və xalq tərəfindən külli miqdarda pul yığıldı həmin quruma. Ondan sonra Qarabağa Yardım Cəmiyyəti yarandı - eyni qaydada... Bundan əlavə, Xalq Cəbhəsi yarananda Yusif Səmədoğlunun adına rəsmən fond yaradılıb, hesab açılıb və xalqa müraciət edilib ki, oraya pul köçürülsün. Özü də o vaxtlar- 1989-cu ildə milli azadlıq hərəkatının zirvə mərhələsində... O fonda da milyonlarla pul yığıldı... Ancaq maraqlıdır ki, bu günə qədər adı pul yığmaqda hallandırılan yeganə şəxs mənəm. Məqsəd yalnız məni ləkələmək olub. Aradan 37 il keçibdir. Mənim Azərbaycan xalqının dünyanın bir nömrəli xalqı elan edilməsinə və son nəticədə də imperiyadan ayrılıb müstəqil dövlət olmağımıza səbəb olan milli azadlıq hərəkatını başlatmağım kimi xidmətlərinm unudulub, yalnız pul məsələsi yadda qalıb... Guya mən hələ də o pulların hesabına yaşayıram... Sadəcə insanlarda analitik təfəkkür olmalıdır ki, bu baş verənlərin hamısını təhlil edib obyektiv nəticə çıxarsınlar...”
Qeyd:Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...Təqdim etdi: Sultan Laçın
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.