ain.az bildirir, Bizimyol portalına istinadən.
Milli Məclisin plenar iclasında depuat Razi Nurullayev Azərbaycan toylarındakı israfçılıqdan danışıb. O bildirib ki, şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır. Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var. Bu, nə dini baxımdan, nə milli ənənə baxımından, nə də iqtisadi məntiqlə izah oluna bilər. Millət vəkili qeyd edib ki, toylar sanki sosial yarışa çevrilib. Eyni zamanda toylarımızda musiqinin səsinin çox yüksək olmasında gileylənib. Zal akustikasının zəif olması səbəbi ilə musiqiçilərin məcbur səsi artırdığını vurğulayıb. “Xalqın ən sevincli günü sağlamlıq riski daşıyan mühitə çevrilir. Toy sahibi musiqini eşitmək əvəzinə, sadəcə səs-küy eşidir. Musiqi səsi sevinc yaratmalıdır, insanların qulağını sıradan çıxarmamalıdır”.
Razi Nurullayev bu sahədə dünya təcrübəsindən də danışıb. Deputat qeyd edib ki, Türkiyə, Avropa Birliyi ölkələri və Yaponiyada restoranlar üçün xüsusi akustik standartlar var. “Musiqinin səs gücü adətən 85–90 dB həddini keçə bilməz. Bu hədd insan qulağı üçün təhlükəsiz hesab edilir. Zalın divarları səsi udan panellərlə, tavan xüsusi akustik örtük ilə təmin olunur. Bizdə isə bir çox şadlıq evində bu tələblər yoxdur, nəticədə musiqinin səsi 100–110 dB həddinə qədər yüksəlir ki, bu da sağlamlıq üçün təhlükəlidir. Təklif edirəm ki, şadlıq evlərinin lisenziyalaşdırılmasında akustik standartlar məcburi olsun, səs gücü üçün yuxarı limit tətbiq edilsin, akustik panellər və səsizolyasiya dövlət standartının bir hissəsinə çevrilsin”.
Azərbaycanda toy mərasimlərində müşahidə olunan israfçılıq hansı sosial davranış və dəyərlər sistemi ilə bağlıdır?Toylarda nümayişkarlıq və musiqinin normadan artıq səsləndirilməsi nədən qaynaqlanır, yoxsa bu, şəxsi zövq göstərmə cəhdidir?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına sosioloq Üzeyir Şəfiyev bildirib ki, milli identifikliyimizi və özünəməxsusluğumuzu qorumağa çalışmalıyıq: “Biz bu məsələni media vasitəsi ilə zaman-zaman aktuallaşdırmışıq. Çünki bu gerçəkdən ictimai müzakirələrə səbəb olur və hər birimiz toylarda belə mənzərəni öz üzərimizdə hiss edirik. Həm toylarda yabancı qatqılar artıb, artıq bir çox toylar heç vağzalı sədaları ilə, milli “kolorit”lə deyil, əcnəbi qatqılarla başlayır sanki az qala diskoteka zallarını xatırladır. Milli adət-ənənələrimizi qprumaq lazımdır, çünki toylar bizim 1000 il qədim adət-ənənələrimizi göstərən bir mərasimdir. Biz çalışmalıyıq ki, milli identifikliyimizi, özünəməxsuslu>umuzu qoruyaq, toylarda milli adətlər qorunub saxlanılsın və sosial varis kimi gələcək nəsillərə ötürülsün. Əlbəttə ki, həm toyun idarə edilməsi, həm toylarda səs kirliliyi və toyun idarə edilməsində problemlər, eyni zamanda toyda olan israfçılıq çox ciddi bir müzakirə mövzusudur. Deputatın yanaşması da təqdirəlayiqdir, çünki həqiqətən də sanki insanlar sosial yarışa qoşulublar, göstəriş xarakterli dəbdəbəli, təntənəli toylar gerçəkləşdirirlər. Hətta bir çox insanların buna imkanı çatmasa belə banklarda yüksək faizli kredit götürür və borclanırlar. Böyük ailə konfliktləri, münaqişələri yaranır, qudalararası münasibətlər pozulur, hətta boşanma səviyyəsinə qədər gəlib çıxır. Bu olmasın deyə insanlar məsələyə daha rasional, ağılla yanaşmalıdır. Daha təvazökar toylar, müəyyən mərasimlər keçirməlidirlər. Həm də bu bizim dini dəyərlərimizdən də irəli gəlir. Məhəmməd Peyğəmbər (ə.s) “çox əlamətdar günlərinizi daha sadə, daha təvazökar keçirin” deyə tövsiyə edirdi. Təəssüflər olsun ki, biz auditoriyaya hesablanmış, göstəriş xarakterli dəbdəbəyə üstünlük veririk. Bu hesab edirəm ki, heç də mənəvilik, kamillik əlaməti deyil. Biz bu məsələdə çox diqqətli olmalıyıq. Həmçinin toyda yığılan, israf olunan ərzaqları da biz rasional şəkildə idarə etmək imkanımız ola bilər. Toy sahibi izafi qalmış xərclər, şadlıq sahibləri, yaxud toy sahibləri bunu həssas qruplara, ehtiyac içində yaşayan insanlara ünvanlaya bilər. Şüurlu və ağıllı bir şəkildə bu mexanizm qurula bilər. Yəni bu həm filantropiya kimi, həm də ehtiyacı olan insanlara ünvanlanmış bir dəstək kimi yaxşı olardı. Əlbəttə bunun üzərində düşünməklə, bu tərzi qoymaq lazımdır, çünki bizim regionlarımızda, kəndlərimizdə zatən belə ənənələr var idi. Toyda, hətta hüzr məclislərində belə ehtiyacı olanlara xüsusi şəkildə dəstək məqsədilə həmin insanlara ərzaq və s. göndərilirdi. Yaxşı olardı ki, bu şadlıq saraylarında da olsun və bu daha bir ağlabatan mexanizm düşünülsün”.
Üzeyir Şəfiyev
Sosioloq vurğulayıb ki, toylardakı texniki problemlər akustik travmalar yaradır: “Əlbəttə ki toyun akustik travma yaratması da bu gün müzakirə mövzularından biridir. Toylardakı texniki problemlər akustik travmalar yaradır. Bu insanlar üçün hətta diskomfort olur və şadlıq sarayının yanında, ya foyedə bir yer tapıb əyləşib çay içirlər, nəinki şadlıq sarayının içindi otururlar. Bununla bağlı deputatın iradı haqlıdır. Toyun idarə edilməsi ənənəvi əsaslarla olmalıdır. Mən demirəm ki, yeniliyi qəbul etmirəm, ancaq ən yaxşı yenilik inkişaf edilmiş və tənzimlənən ənənəvi yanaşma olardı. Biz nəinki əcnəbi kompozisiyalara yol açırıq, beləliklə milli adət-ənənələrimizdən uzaqlaşmalı oluruq. Bu heç də yaxşı hal deyil. Güman edirəm ki, ictimai tənzimlənmə, bir qədər də dövlətin yumşaq müdaxiləsi , yaxşı olardı. Daha çox da imkanlı şəxslər daha təvazökar toy və yas mərasimləri keçirməlidirlər ki, orta və aşağı təbəqələr də baxıb örnək götürsün. Fikirləşsinlər ki, imkanlı şəxslər bu cür toy və yas mərasimləri keçirirsə, biz niyə təmtəraq, dəbdəbə dalınca qaçmalıyıq? Çünki bu həm böyük vəsait israfı, böyük ailə büdcəsi böhranlarına səbəb olan bir israfçılıqdır. Hesab edirəm ki, bu təqdirəlayiq yanaşmadır və mən də bu yaşmanı təqdir edirəm”.
Günel Həsənova, Bizimyol, info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.