
"YouTube" yayımında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində səsləndirdiyi fikirlərə görə həbs olunan tanınmış jurnalist Fatih Altaylı məhkəmə qərarı ilə azadlığa buraxılıb.
AFN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar Altaylının həbs qətimkan tədbirinə qarşı verdiyi etirazdan sonra qəbul olunub. İşə baxan İstanbul Bölgə Ədliyyə Məhkəməsinin İkinci Cəza Dairəsi jurnalistin təxliyəsinə qərar verib.
Məhkəmə qərarında ittihamın xarakteri, sübutların artıq toplanmış olması, Altaylının qaçma ehtimalının mövcud olmaması, barəsində çıxarılmış cəzanın həcmi və həbsdə keçirdiyi müddət əsas götürülüb. Bu səbəblərlə jurnalist barəsində tətbiq edilən həbs qətimkan tədbiri ləğv edilib. Eyni zamanda, birinci instansiyada iş üzrə baxışın davam etdiyi bildirilib.
Qeyd edək ki, Fatih Altaylı "YouTube" platformasında yayımlanan verilişində səsləndirdiyi fikirlərə görə "Prezidenti təhdid” ittihamı ilə məsuliyyətə cəlb olunmuşdu. O, 22 iyun tarixindən etibarən həbsdə saxlanılırdı.
İstanbul 26-cı Ağır Cəza Məhkəməsi 26 noyabr tarixində çıxardığı hökmə əsasən Altaylını "Prezidentə yönəlik təhdid” maddəsi ilə təqsirli bilərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum etmiş və onun həbsdə saxlanılmasına qərar vermişdi.
Hökmün əsaslandırılmış qərarı elan edildikdən sonra cinayət işi birinci instansiyaya göndərilmişdi. Son qərarla Altaylı azadlığa buraxılsa da, hökmün hüquqi taleyi ilə bağlı yekun qərar hələ verilməyib və proses davam edir.