AZ

Zəngəzur dəmiryolu kimə aid olacaq - yeni Rusiya-Ermənistan qovğası...


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində nəqliyyat və kommunikasiya xətlərinin bərpası regionun gələcək təhlükəsizlik və iqtisadi arxitekturasında əsas mövzulardan biridir. Xüsusilə dəmir yolunun idarə olunması və onun beynəlxalq layihələrlə, o cümlədən TRIPP çərçivəsində nəzərdə tutulan yeni marşrutlarla əlaqələndirilməsi həm siyasi, həm də hüquqi müstəvidə ciddi müzakirələr doğurur.

Xarici işlər naziri Ceyhun Bayramovun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirdiyi fikirlər bu müzakirələrin mahiyyətini daha açıq şəkildə ortaya qoyur.

Nazirin vurğuladığı əsas məqam ondan ibarətdir ki, Ermənistan işğal dövründə Azərbaycanın dəmir yolu infrastrukturunu məqsədli şəkildə məhv edib və bu gün regionda yeni kommunikasiya xətlərinin inşası qaçılmazdır. Məhz bu kontekstdə TRIPP layihəsi gündəmə gəlir. Ermənistan tərəfi isə mövcud vəziyyətdə öz mövqeyini belə əsaslandırmağa çalışır ki, Rusiya ilə imzalanmış dəmir yolu sazişi bağlanarkən TRIPP layihəsi mövcud olmayıb və buna görə də bu yeni infrastruktur Rusiya nəzarətinə aid edilə bilməz.

Bu arqument formal baxımdan texniki məntiqə söykənsə də, mahiyyət etibarilə selektiv və situativ yanaşma təsiri bağışlayır. Çünki söhbət Ermənistanla Rusiya arasında 2008-ci ildə imzalanmış və Ermənistanın bütün dəmir yolu şəbəkəsinin “Rusiya Dəmir Yolları”nın törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolu” QSC-yə uzunmüddətli konsessiya əsasında icarəyə verilməsini nəzərdə tutan sazişdən gedir. Həmin sazişlə Ermənistanın dəmir yollarının istismarı, idarə edilməsi, təhlükəsizliyi və inkişafı faktiki olaraq Rusiya tərəfinin məsuliyyətinə keçib. Bu, yalnız mövcud relslərin istifadəsi deyil, bütövlükdə dəmir yolu sektorunun strateji idarəçiliyini əhatə edən bir razılaşmadır.

Ceyhun Bayramovun “məntiq” ifadəsi ilə işarə etdiyi məqam da məhz budur. Əgər bir ölkə dəmir yolu sektorunu bütövlükdə başqa bir dövlətin şirkətinə həvalə edibsə, sonradan inşa edilən və ya bərpa olunan xətlərin avtomatik şəkildə bu çərçivədən kənar tutulması hüquqi baxımdan suallar doğurur. Yolun saziş imzalanan vaxt mövcud olmaması öhdəliyin mahiyyətini dəyişmir, çünki öhdəlik konkret bir rels parçasına deyil, sektorun idarə olunmasına aiddir.

Azərbaycan XİN-in mövqeyi açıq şəkildə göstərir ki, Ermənistanın “o vaxt belə bir layihə yox idi” arqumenti əslində öhdəlikdən yayınmaq üçün sonradan qurulmuş əsaslandırmadır. Bu yanaşma regionda etimad mühitinin formalaşmasına xidmət etmir və yeni nəqliyyat-kommunikasiya xətlərinin siyasi alətə çevrilməsi risqini artırır. Eyni zamanda, bu mövqe göstərir ki, Ermənistan bir tərəfdən Rusiya ilə imzaladığı strateji sazişlərin məsuliyyətindən çıxmağa, digər tərəfdən isə regional layihələrdə özünə daha sərbəst manevr sahəsi yaratmağa çalışır.

Ermənistan hazırda öz dəmiryollarını Rusiyanın idarəçiliyində saxlayır.

Bu, 2008-ci ildə Rusiya ilə bağlanmış müqaviləyə əsasən belədir və hələ də qüvvədədir.

Amma eyni zamanda, Ermənistan bu vəziyyətdən tam razı deyil. Xüsusən yeni tikiləcək və ya bərpa olunacaq xətlər (məsələn, TRIPP və ya Zəngəzur istiqaməti) barədə danışanda deyir ki, “bunlar Rusiyanın nəzarətində olmamalıdır”. Yəni köhnə dəmiryolu şəbəkəsini Rusiya idarə edir (Ermənistan buna hələlik dözür), yeni layihələrə isə Ermənistan Rusiyanı buraxmaq istəmir.

Ceyhun Bayramovun tənqid etdiyi məntiq də məhz budur. Ermənistan bir tərəfdən Rusiyanın dəmir yoluna nəzarətini saxlayır, digər tərəfdən isə “o vaxt bu layihə yox idi” deyib, yeni xətləri bundan kənarda saxlamağa çalışır.

Nəticə etibarilə, TRIPP layihəsi ətrafında yaranan mübahisə təkcə texniki və ya iqtisadi məsələ deyil. Bu, Ermənistanın mövcud beynəlxalq öhdəliklərinə necə yanaşdığını, regional əməkdaşlıqda hansı prinsipləri rəhbər tutduğunu və böyük güclərlə münasibətlərində selektiv hüquqi məntiqdən istifadə edib-etmədiyini göstərən bir nümunədir. Azərbaycanın diplomatik dildə ifadə etdiyi bu mövqe isə ilk dəfə olaraq XİN səviyyəsində açıq şəkildə səsləndirilib və regionda gələcək danışıqlar üçün mühüm siyasi mesaj xarakteri daşıyır.

Akif NƏSİRLİ

Seçilən
21
43
baki-xeber.com

10Mənbələr