ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
"Prinsip etibarı ilə Putinlə Zelenski arasında telefon danışığı mümkündür, amma mahiyyət etibarı ilə bu, indilikdə real deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli ABŞ-ın "Fox News” telekanalının məlumatını şərh edərkən deyib.
Şərhçi bildirib ki, bu istiqamətdə əldə olunmuş razılığın olub-olmadığı barədə konkret fikir söyləmək mümkün deyil:
"Amma prinsip etibarı ilə telefon danışığını mümkünsüz saymaq olmaz. Putin vaxtilə Zelenskini legitim prezident hesab etmədiyini bəyan edib və yalnız legitim prezidentlə danışacağını söyləyib. Mahiyyət etibarı ilə Zelenski də Putini qəbul etmir. Bu baxımdan telefon danışığının baş tutacağını mümkün hesab etmirəm. Görünür, belə bir informasiya məqsədli şəkildə ortaya atılıb ki, tərəflərin reaksiyası öyrənilsin və gələcək üçün addım hazırlanmış olsun".

Politoloq Taıeh Əliyev isə qeyd edib ki, bu təşəbbüs ABŞ tərəfindən irəli sürülüb və daha çox onların maraqlarına xidmət edir:
"Putinlə Zelenski arasında telefon danışığının olması ehtimalı barədə məlumat ABŞ tərəfindən ortaya atılmış versiyadır. Ola bilsin ki, təşəbbüsün özü də Vaşinqtondandır. Tramp administrasiyası üçün apardığı danışıqların hər hansı nəticəsi belə uğur sayıla bilər. Trampın hakimiyyətə gəlməsinin bir il tamam olmasına bir aydan az vaxt qalıb. Bu müddət ərzində ciddi irəliləyiş olmayıb. Ona görə də təşəbbüs Amerika tərəfinin maraqlarına uyğundur".
Ekspert bildirib ki, Ukrayna və Rusiyanın sülhə baxışlarındakı kəskin fərqlər belə bir telefon danışığını mümkünsüz edir:
"Putinin qeyri-legitim hesab etdiyi şəxslə görüş keçirməsi, əgər uğursuz nəticələnərsə, Rusiya lideri üçün ikiqat problemlər yaradacaq. Zelenski isə əksinə, bununla de-fakto lider olduğunu nümayiş etdirmiş olacaq. Belə bir telefon danışığı bu gün üçün real deyil".
Qeyd edək ki, "Fox News" telekanalının məlumatına görə, mümkün telefon əlaqəsi ABŞ prezidenti Donald Trampın Zelenski ilə apardığı son təmaslardan sonra gündəmə gəlib. Lakin hələlik tərəflərdən heç biri məlumatı rəsmi şəkildə təsdiqləməyib.
Ukrayna ilə Rusiya arasında münasibətlər 2022-ci ildən tamamilə kəsilib və dövlət başçıları arasında birbaşa dialoq baş tutmayıb. Hətta Putin Zelenskini qeyri-legitim hesab edərək onunla danışıqlar aparmayacağını bəyan edib.
Rüfət Sultan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.