Biləsuvarda yerləşən Mübariz İbrahimov adına Təhsil Kompleksində Çin dilinin tədrisinə başlanılması maraq və müzakirələrə səbəb olub. Yeni təşəbbüs bir tərəfdən şagirdlərin dil biliklərinin genişləndirilməsi və qlobal dünyaya inteqrasiyası baxımından müsbət addım kimi qiymətləndirilsə də, digər tərəfdən bir sıra sualları da gündəmə gətirir.
Bu dilin ölkəmizdə geniş şəkildə öyrədilməsinə real ehtiyac mövcuddurmu?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi ki, Çin dilinin Azərbaycanda tədrisi məsələsi qloballaşma, çoxdilli təhsil və əmək bazarının gələcək tələbləri kontekstində dəyərləndirilməlidir:
"Çin Xalq Respublikasının iqtisadi, texnoloji və geosiyasi çəkisinin artması bu dili strateji əhəmiyyətli xarici dillərdən birinə çevirir. Bu baxımdan, Çin dilinin ölkəmizdə məhdud sayda təhsil müəssisəsində pilot formatda tədrisi məqsədəuyğun və perspektivli addım kimi qiymətləndirilə bilər. Lakin hazırkı mərhələdə əsas problem kadr təminatı ilə bağlıdır. Azərbaycanda Çin dilini yüksək səviyyədə bilən, eyni zamanda pedaqoji-metodik hazırlığa malik metodistlərin sayı kifayət qədər məhduddur. Dil biliklərinin mövcudluğu ilə yanaşı, həmin dilin yaş səviyyələrinə uyğun metodika ilə tədrisi xüsusi hazırlıq tələb edir. Bu boşluq sistemli müəllim hazırlığı proqramları və beynəlxalq əməkdaşlıq mexanizmləri olmadan aradan qaldırıla bilməz. Elmi-pedaqoji yanaşmaya əsasən, Çin dilinin kütləvi şəkildə məktəb proqramlarına daxil edilməsi hazırkı şəraitdə məqsədəuyğun deyil. Daha rasional yanaşma bu dilin seçmə fənn və ya ixtisaslaşmış təhsil müəssisələrində tədrisi, paralel olaraq isə yerli metodistlərin hazırlanması və tədris resurslarının formalaşdırılmasıdır. Yalnız bu şərtlər daxilində Çin dilinin tədrisi təhsil sisteminə real və davamlı töhfə verə bilər".
Nuriyyə NATİQQIZI