"ABŞ Prezidenti Donald Tramp əksər hallarda Rusiya və Ukrayna arasındakı qarşıdurmanın yaxın vaxtlarda nizamlana biləcəyini bəyan edir".
Bunu Redaktor.az-a politoloq Elçin Xalidbəyli ABŞ Prezidenti Donald Trampın ABŞ, Rusiya və Ukraynanın razılığa yaxın olması haqqında verdiyi açıqlamadan danışarkən bildirdi.
Onun sözlərinə görə, ümumi mənzərə ondan ibarətdir ki, Rusiya öz mövqeyindən geri çəkilmək istəmir, Ukrayna da öz ərazilərini güzəştə getmək niyyətində olmadığını büruzə verir:
"Ona görə də bu danışıqların yaxın vaxtlarda hansısa pozitiv nəticələr verə biləcəyi o qədər də inandırıcı görünmür.
Ukrayna Prezidenti Volodimir Zelenski Trampla görüşdən əvvəl Böyük Britaniyanın Baş naziri ilə telefonla danışıb, situasiyanı müzakirə edib. Böyük ehtimalla, Avropa qitəsinə aid dövlətlərin mövqeyi Böyük Britaniya tərəfindən Zelenskiyə çatdırılıb və Zelenski də yəqin ki, həm Ukraynanın, həm də Avropa qitəsi dövlətlərinin mövqeyini daha çox ön plana çıxaracaq və Avropa dövlətlərindən aldığı dəstəyin sayəsində Trampla daha inamlı danışıqlar aparmaq şansı qazanıb".

Müsahibimiz vurğuladı ki, bütün bunları nəzərə alanda ziddiyyətlərin kifayət qədər çox olduğunu düşünmək olar:
"Bu baxımdan da Rusiyanın maksimalist neoimperialist mövqeyi sülh proseslərinin qarşısında əsas əngəl rolunu oynayır. Böyük ehtimalla, Trampın bu prosesdə nail ola biləcəyi ən yaxşı nəticə, özünün də bəyan etdiyi kimi, tərəflərin sülhə yaxın olması ilə məhdudlaşa bilər və yekun nəticədə real sülh ehtimalı o qədər də inandırıcı görünmür".
Aytəkin TOFİQQIZI