AZ

AQTİ-də kompleks təlim keçirilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) inzibati binasında fövqəladə hallara hazırlığın artırılması məqsədilə kompleks təlim keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, təlimin əsas məqsədi əməkdaşlarda fövqəladə hallar zamanı, xüsusilə yanğın və zəlzələ hallarında düzgün davranış vərdişlərinin formalaşdırılması, təhlükəsizlik qaydaları və təxliyə planları ilə bağlı biliklərin möhkəmləndirilməsi olub.

Təlimin nəzəri hissəsində FHN-in mütəxəssisləri tərəfindən AQTA və AQTİ kollektivi üçün geniş maarifləndirici sessiya təşkil edilib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov fövqəladə hallar zamanı davranış qaydaları, yanğınların başvermə səbəbləri və xilasolma yolları barədə ətraflı təqdimatlarla çıxış edib. Təqdimatlar tematik videoçarxlarla müşayiət olunub.

Daha sonra şərti yanğın elan edilərək “Həyəcan” siqnalı verilib. Yanğınsöndürən briqada operativ şəkildə hadisə yerinə cəlb olunaraq şərti yanğının söndürülməsi üzrə tədbirlərə başlayıb. Əməkdaşların təxliyəsi təsdiqlənmiş təxliyə planına uyğun olaraq təhlükəsiz və ardıcıl şəkildə həyata keçirilib. Şərti yanğın zamanı “zərərçəkmişlər” binadan müvafiq qaydalara uyğun çıxarılaraq təhlükəsiz zonaya yerləşdirilib və onlara “ilkin tibbi yardım” göstərilib.

Sonda iştirakçılar və müşahidəçilər tərəfindən təlimin təşkili və icrası yüksək qiymətləndirilib. Qeyd olunub ki, belə praktiki təlimlər əməkdaşların fövqəladə hallara operativ reaksiya vermək bacarıqlarını artırmaqla yanaşı, real vəziyyətlərə hazırlıqlı olmalarına mühüm töhfə verir.

Seçilən
16
30
hafta.az

10Mənbələr