Çin noyabr ayında elektrikli avtomobillərin ixracında rekord artım qeydə alıb. Belə ki, bu nəqliyyat vasitələrinin xarici bazarlara göndərilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 87 faiz yüksələrək 199 min 836 ədədə çatıb.
News365.az-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb. Statistik göstəricilər ixracın coğrafiyasının əhəmiyyətli dərəcədə genişləndiyini göstərir.
Məlumata əsasən, Çin istehsalı elektrik avtomobillərinin əsas ünvanlarından biri Meksika olub. Bu ölkəyə tədarük əvvəlki dövrlə müqayisədə 25 dəfə artaraq ən yüksək artım tempi göstərən bazar kimi önə çıxıb.
İndoneziya 17 min 500 avtomobil ixracı və 302 faizlik artımla ikinci sırada qərarlaşıb. Tayland isə 13 min 520 elektrik avtomobili qəbul edərək siyahıda üçüncü yeri tutub.
İlk onluqda Filippin, Malayziya, Türkiyə, Böyük Britaniya, Belçika, Braziliya və Hindistan kimi ölkələr də yer alıb. Mütəxəssislər bu artımı Çinin elektromobil sənayesində istehsal gücünün yüksəlməsi və qlobal bazarlarda tələbatın artması ilə əlaqələndirirlər.