AZ

Kaliforniyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram tədbiri təşkil olunub

Vaşinqton, 29 dekabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram tədbiri təşkil olunub.

AZƏRTAC-ın məlumatına görə, bayram tədbiri Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə ABŞ-nin Örvayn şəhərində Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən keçirilİB. Tədbirdə cənubi Kaliforniyada yaşayan 200 azərbaycanlı, dost icmaların nümayəndələri və müxtəlif təşkilatları təmsil edən amerikalılar iştirak ediblər.

Tədbirin açılışında Baş Konsulluğun nəzdində fəaliyyət göstərən uşaq xor qrupu tərəfindən Azərbaycan və ABŞ-ın dövlət himnləri ifa edilib.

Kaliforniya Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Sevil Fərəcova Dünya azərbaycanlıları üçün Həmrəylik Gününün əhəmiyyətindən danışıb. Cəmiyyət tərəfindən il ərzində icma quruculuğu, Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı görülən işlər barədə məlumat verib.

Ölkəmizin ABŞ-dakı səfiri Xəzər İbrahim öz növbəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə qonaqları təbrik edib. Başa çatmaqda olan ildə ölkəmizin qazandığı uğurlardan danışan səfir Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə inkişafından da bəhs edib. Vaşinqtonda keçirilən liderlərin tarixi 8 avqust zirvə görüşünün əhəmiyyətini vurğulayıb.

X.İbrahim təhsillərini uğurla davam edən tələbələrə təşəkkür əlaməti olaraq onlara hədiyyələr təqdim edib.

Ölkəmizin Los Ancelesdəki baş konsulu Vüqar Qurbanov da bayram münasibəti ilə soydaşlarımızı təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbir bədii hissə ilə davam edib. İştirakçılara milli rəqs və mahnılardan ibarət konsert proqramı təqdim olunub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
28
50
azertag.az

10Mənbələr