AZ

Türk politoloq: Cənubi Qafqazda dayanıqlı sülh yalnız regional əməkdaşlıq və qarşılıqlı etimadla mümkündür

Bakı, 29 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi regionda geosiyasi reallıqları köklü şəkildə dəyişib. Bəzi ölkələrin Ermənistanı silahlandırmaq və onu Azərbaycana qarşı təxribatlara təşviq etmək cəhdləri uzun müddət Cənubi Qafqazda gərginliyi qorumağa xidmət edib.

Bunu AZƏRTAC-a açıqlamasında türk politoloq Emre Diner deyib.

O qeyd edib ki, İran, Hindistan, Rusiya, Fransa və hətta Avropa İttifaqı uzun illər Ermənistanın “Hai-Taht” doktrinasına söykənən siyasətini öz maraqları ilə uzlaşdırmağa çalışıb. Məqsəd Cənubi Qafqazda təsir imkanlarını artırmaq və Ermənistan-Azərbaycan qarşıdurmasını daim gündəmdə saxlamaq olub. Bu isə bölgəyə nəzarət mexanizmi kimi dəyərləndirilib.

Onun sözlərinə görə, coğrafi baxımdan qapalı vəziyyətdə olan Ermənistanın dənizlərə və əsas ticarət yollarına çıxış imkanlarının məhdudluğu ölkəni daim geosiyasi cəhətdən asılı vəziyyətdə saxlayıb. Bu səbəbdən İrəvan öz zəif mövqeyini kompensasiya etmək üçün qonşularına qarşı ərazi iddialarını və milli ideologiya kimi formalaşdırılmış “Hai-Taht” doktrinasını əsas alıb. Lakin 44 günlük müharibədən sonra yaranan yeni reallıqlar bu siyasətin iflasa uğradığını göstərib.

“Azərbaycanın qazandığı Zəfərdən sonra regionda güc balansı dəyişib və Bakı Cənubi Qafqazın yüksələn aktoruna çevrilib. Bu isə Ermənistanı yeni reallıqları qəbul etməyə və normallaşma yoluna çıxmağa məcbur edib. Bu gün Ermənistan iqtisadi və siyasi baxımdan dalana dirənib. Ona görə də Bakı və Ankara ilə normallaşma artıq zərurətə çevrilib”, – deyə politoloq vurğulayıb.

Emre Dinerin fikrincə, Bakı-İrəvan yaxınlaşması region üçün olduqca mühüm əhəmiyyət daşıyır, lakin bu proses müəyyən ölkələri, xüsusilə də bölgədə təsir imkanlarının azalacağından ehtiyat edən İranı və Rusiyanı narahat edir. Eyni zamanda, ABŞ-dakı erməni diasporunun Ermənistan hökumətinin normallaşma cəhdlərini pozmağa çalışdığı da müşahidə olunur.

Politoloq qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların mövcudluğu sülh sazişinin imzalanması qarşısında əsas maneələrdən biridir və bu məsələ Bakının əsas şərtlərindən sayılır. Türkiyə-Ermənistan normallaşması yalnız iki ölkə arasında münasibətlərin düzəlməsi deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi baxımından həlledici mərhələdir. Bu prosesin uğuru isə Azərbaycanla tam koordinasiya, regional həssaslıqların nəzərə alınması və xarici təsirlərin minimuma endirilməsindən asılıdır.

Onun sözlərinə görə, beynəlxalq konyunkturanın nə qədər əlverişli qalacağı bəlli deyil. Buna görə də diplomatik səylərin sürətləndirilməsi, Azərbaycanın dəstəyi ilə nəticəyə nail olunması mühüm əhəmiyyət daşıyır.

Politoloq əlavə edib ki, Ermənistanın və Gürcüstanın Rusiyanın təsirindən uzaqlaşaraq Qərbə inteqrasiya cəhdləri müşahidə olunsa da, Moskva-İrəvan münasibətlərinin mövcud vəziyyəti Qərbin regiondakı manevr imkanlarını məhdudlaşdırır. Bu fonda tarixdə baş vermiş hadisələrin məqsədli şəkildə gündəmdə saxlanılması normallaşma prosesinə ciddi zərbə vurur.

E.Diner qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olması üçün dezinformasiyaya qarşı birgə mexanizmlərin yaradılması vacibdir. Onun fikrincə, Cənubi Qafqazda uzunmüddətli sabitlik yalnız ölkələrin xarici təzyiqlərdən kənar, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında hərəkət etməsi ilə mümkün olacaq.

Seçilən
51
50
azertag.az

10Mənbələr