Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
NOCOMMENT.az xəbər verir ki, E.İbrahimov bu ilin noyabr ayının 12-də müvafiq sərəncamla həmin vəzifəyə təyin edilmişdi.
43 yaşlı keçmiş icra başçısı 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2005-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini başa vurub, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar “Holiday Inn Baku Airport” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, 18 fevral 2022-ci il tarixdən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
47 gün əvvəl isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. E.İbrahimov Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.