Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Maraqlıdır ki, o bu posta 12 noyabr 2025-ci il tarixində gətirilmişdi. Beləliklə, Elxan İbrahimovun Nəsimi rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyəti cəmi 47 gün sürüb.
Modern.az Nəsimi rayonunun sabiq rəhbərinin tərcümeyi-halını təqdim edir:
Elxan Oqtay oğlu İbrahimov 1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb.
Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar “Holiday Inn Baku Airport ” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.
2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyətinin Aparatında başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.
Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Bu postdan 12 noyabr 2025-ci ildə azad edilərək Nəsimi İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini bilir. Evlidir, 3 övladı var.
Qeyd edək ki, Elxan İbrahimov sovet dövründə Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.