Çin alimlərinin apardığı araşdırma göstərib ki, uzun müddət növbəli iş rejimində çalışmaq qaraciyərdə metabolik mənşəli piylənmə (steatoz) riskini artırır.
Redaktor.az xəbər verir ki, tədqiqat 9 min nəfərdən çox insanın məlumatlarının təhlili əsasında aparılıb və nəticələr "Frontiers in Public Health" jurnalında dərc olunub.
Məlum olub ki, növbəli iş və qaraciyər sağlamlığı arasındakı əlaqə qeyri-xətti xarakter daşıyır. Altı ildən çox növbəli iş təcrübəsi olan şəxslərdə qaraciyər piylənməsi riski bu rejimdə heç vaxt işləməyən insanlarla müqayisədə təxminən 1,5 dəfə yüksək olub. Artıq ilk üç ildən sonra xəstələnmə ehtimalı sürətlə artır və alimlər bu asılılığı “J-şəkilli” adlandırırlar.
Qrafik növü də vacib rol oynayır. İki, üç və dörd növbəli iş rejimlərində qaraciyər piylənməsi riski adi gündüz iş gününə nisbətən ən azı 20% yüksəlir. Ən güclü təsir isə mürəkkəb növbə rotasiyalarında müşahidə olunub.
Əlavə təhlil göstərib ki, aşkar edilmiş riskin təxminən yarısı bədən kütləsi indeksinin artması ilə bağlıdır. Yəni, piylənmə növbəli iş və qaraciyər metabolik pozuntuları arasındakı əsas vasitəçi rolunu oynayır.
Alimlər bildirirlər ki, əvvəllər hüceyrə səviyyəsində piylənmədən qorunma üsulları da müəyyən edilib.
Nuriyyə NATİQQIZI