AZ

İdman siyasəti ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir ŞƏRH

Bakı, 29 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin ölkə idmanına və idmançılarına olan diqqəti və qayğısı bu sahənin inkişaf etdirilməsində, yeni və möhtəşəm idman saraylarının inşasında, ayrı-ayrı idman növlərinə dövlət büdcəsindən maliyyə dəstəyinin ayrılmasında, həmçinin gənclərin inkişafı üçün hər cür şəraitin yaradılmasında özünü təcəssüm etdirir. Xüsusilə gənclərimizin idmana cəlb edilməsi, onların inkişafı, cəmiyyətə və dövlətə yararlı və layiqli vətəndaş kimi yetişdirilməsi dövlətimizin başçısının qarşısına qoyduğu əsas məsələlərdən biridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Deputat bu gün gənclərimizin fiziki gücə sahib olması, eyni zamanda, cəmiyyətə faydalı və vətənpərvər ruhda yetişməsinin həm dövlət başçısının, həm də xalqımızın illər ərzində çəkdikləri əziyyətin nəticəsi olduğunu bildirib.

“Bakı şəhərində ən müasir idman infrastrukturları, idman kompleks və zalları inşa edilib və bu quruculuq işləri hələ də davam etdirilir. Ötən illər ərzində Bakıda Avropa Oyunlarının, eləcə də İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsinin şahidi olmuşuq. Bundan başqa, təkcə paytaxta yox, həmçinin ölkənin bir çox iri rayon və şəhərlərində də idmanın inkişafı məqsədilə müxtəlif komplekslər inşa edilib, fəal gənclər həmin komplekslərdən istifadəyə cəlb ediliblər”, - deyə o əlavə edib.

P.Vəliyeva qeyd edib ki, bu il Azərbaycan idmanı tarixində ən uğurlu dövrlərdən biri kimi yadda qalıb. İdmançılarımızın beynəlxalq arenalarda qazandığı 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal ölkədə idmanın inkişafının sistemli və məqsədyönlü dövlət siyasəti nəticəsində mümkün olduğunu açıq şəkildə göstərir. Keçən illə müqayisədə nəticələrin daha da yaxşılaşması idmana göstərilən diqqətin, maliyyə və institusional dəstəyin davamlı xarakter daşıdığını təsdiqləyir.

“Azərbaycanda idmanın inkişafı strateji dövlət siyasəti kimi formalaşıb. Son illər ərzində idman infrastrukturu faktiki olaraq yenidən qurulub, regionlarda müasir Olimpiya idman kompleksləri istifadəyə verilib. Bu il Gəncə və Yevlaxda iki yeni kompleksin açılması ilə bölgələrdə bu cür obyektlərin sayı 46-ya çatıb ki, bu da gənclərin idmana cəlb olunması üçün bərabər imkanlar yaradır. Yaradılan şərait gənc nəslin sağlam böyüməsinə, peşəkar idmançıların yetişməsinə və kütləvi idmanın genişlənməsinə xidmət edir”, - deyə deputat vurğulayıb.

İdmanın gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirən deputat deyib: “Beynəlxalq yarışlarda Azərbaycan bayrağının ucaldılması xalqda qürur hissi yaradır, idmançıların məsuliyyətini artırır və onları müzəffər xalqın layiqli nümayəndələri kimi çıxış etməyə təşviq edir. Sağlam bədən və sağlam ruhun vəhdəti ölkənin davamlı inkişafının əsas şərtlərindən biri kimi təqdim olunur.

Beynəlxalq idman tədbirlərinin ölkəmizdə keçirilməsi Azərbaycanın artan potensialını nümayiş etdirir. III MDB Oyunlarının bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə təşkil olunması, regionların inkişaf səviyyəsini və qonaqpərvərliyini dünyaya göstərdi. İlk dəfə Bakıda keçirilən UFC turniri, eləcə də Formula 1 yarışları Azərbaycanın qlobal idman xəritəsində mövqeyini daha da möhkəmləndirdi, ölkənin tanıdılmasına və turizmin inkişafına mühüm töhfə verdi”, - deyə P.Vəliyeva qeyd edib.

Deputat qış idmanı sahəsində də mühüm addımlar atıldığını diqqətə çatdıraraq deyib: “Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzində Xizək üzrə Dünya Kubokunun keçirilməsi Azərbaycanın beynəlxalq qış idmanı təqviminə daxil olmasını təmin edir. Bu, həm idmanın şaxələndirilməsi, həm də regionlarda məşğulluğun və turizmin artması baxımından böyük əhəmiyyət daşıyır.

İdman siyasəti sağlam cəmiyyətin formalaşmasına, gənclərin düzgün tərbiyəsinə, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Dövlət tərəfindən idmançıların və mütəxəssislərin mütəmadi şəkildə qiymətləndirilməsi isə bu sahədə motivasiyanı daha da gücləndirir və gələcək uğurlar üçün möhkəm zəmin yaradır”.

Seçilən
18
2
azertag.az

10Mənbələr