
“Hyundai” şirkəti Rusiyadakı keçmiş avtomobil zavodunu geri almaqda çətinliklərlə üzləşib.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, səbəb kimi davam edən “hərbi xüsusi əməliyyat” və Qərbin Moskva üzərinə tətbiq etdiyi sanksiyalar göstərilir.
“Reuters”ə danışan, vəziyyətlə tanış mənbə bildirib ki, hazırda səhmlərin geri qaytarılması üçün “heç bir imkan mövcud deyil”.
“Hyundai” və “Kia” uzun illər Rusiyanın ən böyük avtomobil istehsalçıları sırasında olub. Lakin Sankt-Peterburqdakı “Hyundai” zavodu Ukraynada əməliyyatların başlamasından bir ay sonra – 2022-ci ildə fəaliyyətini dayandırıb. Qərb sanksiyaları nəticəsində təchizat və ödəniş zəncirlərində yaranan problemlər şirkəti bazarı tərk etməyə məcbur edib.
2024-cü ildə “Hyundai” zavodu Rusiyanın “AGR Automotive Group” şirkətinə cəmi 140 min von (təxminən 97 dollar) qarşılığında satıb. Müqaviləyə 2026-cı ilin yanvarına qədər etibarlı olan iki illik geri alma opsiyası da daxil edilib. Lakin mənbə hesab edir ki, geri alma üçün “əməliyyatın tamamlanması vacibdir”. “AGR Automotive Group”mövzu ilə bağlı şərh verməyib.
Bir çox xarici avtomobil istehsalçıları – o cümlədən “Mazda”, “Renault”, “Ford”, “Nissan” və “Mercedes-Benz” nüfuz riskləri və sanksiyalar səbəbindən Rusiya bazarını tərk ediblər. Onlardan bəziləri aktivlərini nominal məbləğə sataraq, sonradan geri alma imkanı saxlasa da, “Mazda” artıq bu hüququndan imtina edib. “Toyota” və “Volkswagen” isə geri satın alma seçimi olmadan aktivlərini satıblar.
Rusiyada boşalan bazar payı əsasən Çin brendləri tərəfindən doldurulur. 2024-cü ildə ölkədə satılan 1,57 milyon avtomobilin təxminən 1 milyonu Çin istehsalı olub. Analitiklər “Avtostat” agentliyinə istinadən bildirirlər ki, 2025-ci ildə bu avtomobillərin bazar payı 60-65%-ə çata bilər.