AZ

Zəfərli həmrəylik

Milli-mənəvi dəyərlərə sadiqlik hər bir xalqın inkişaf göstəricisidir. Özünə, öz kökünə, tarixi keçmişinə hörmət edə bilməyən heç kimsə uğur qazana bilməz. Məhz hər ilin son günü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də əldə olunan uğurların bazisini təşkil edir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Vətənə sonsuz məhəbbət və milli-mənəvi dəyərlərimizə dərin hörmət hisslərini özündə təcəssüm etdirən tarixi bir gündür. Bu bayram dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı vahid məqsəd və Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirən mənəvi körpüdür.

1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilmiş iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qəbul edilmiş qərar xüsusi əhəmiyyətə malikdir.

Bu qərar milli birlik ideyasının dövlətçilik səviyyəsinə yüksəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyırdı. Həmin dövrdə mürəkkəb siyasi proseslərin cərəyan etdiyi bir şəraitdə Ulu Öndərin bu uzaqgörən addımı Azərbaycan xalqının həm ölkə daxilində, həm də dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız arasında ideoloji və mənəvi birliyini təmin edən fundamental çağırış oldu.

Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə, milli ideologiyanın formalaşmasına və ümummilli şüurun möhkəmlənməsinə nail olmuşdur. Onun milli qürur rəmzinə çevrilmiş məşhur fikirləri - “Biz bir millət, iki dövlət deyilik, biz bir millətik və harada yaşamağımızdan asılı olmayaraq, azərbaycanlıyıq” - bu gün də dünya azərbaycanlıları üçün ideoloji mayak rolunu oynayır.

Ulu Öndər Heydər Əliyevin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Beləliklə, diaspor siyasəti yalnız xaricdə yaşayan həmvətənlərimizi birləşdirmir, eyni zamanda, Azərbaycanın dövlət maraqlarının qorunması, beynəlxalq nüfuzunun artırılması və milli həmrəyliyimizin daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Müasir tariximizin şərəf və qürur mənbəyinə çevrilən İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Beləliklə, xalqımızın 30 illik doğma yurd, el-oba və torpaq həsrətinə son qoyuldu. Məhz milli birliyimiz, dünyada yaşayan 50 milyon azərbaycanlının üçrəngli, ay-ulduzlu Bayrağımız altında bir amal ətrafında bütövləşməsi döyüş ruhumuzu və qələbə əzmimizi yüksəltdi. Prezident İlham Əliyevin sərkərdəliyi ilə tariximizin ən şanlı Zəfər səhifəsi yazıldı. 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bu Qələbənin məhz birliyimiz hesabına əldə olunmasını xüsusi vurğulayaraq dedi: «Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk! dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq!”

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Seçilən
14
26
sabahinfo.az

10Mənbələr