AZ

BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Bakı, 29 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru Elçin Babayev dünyada yaşayan soydaşlarımızın hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük həvəs və coşqu ilə qeyd etdiyini, bu bayramın xüsusilə böyük Zəfərimizdən sonra daha geniş, daha təmtəraqla keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir: “Ulu Öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən - 1991-ci il dekabrın 16-da dünya azərbaycanlılarının birliyini möhkəmləndirməyin zəruriliyini düşünərək, dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bundan sonra elə həmin il bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. Dünya azərbaycanlılarının həmrəyliyi və təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyev xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birlik və həmrəyliyinin təmin olunması məqsədilə Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncam əsasında 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Daha sonra 2006-cı ildə Dünya Azərbaycanlılarının II, 2011-ci ildə III, 2016-cı ildə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfələr verdi. Bu qurultaylar Azərbaycan xalqının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Bu qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqləyir”.

Rektor bu bayramın dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadığını deyib: “44 günlük Vətən müharibəsi ölkəmizdə formalaşmış milli ideologiyanın, milli mənlik şüurunun, dirçəlmiş ənənələrin, möhkəmlənmiş dövlətçiliyin və ümumxalq həmrəyliyinin bariz təzahürü oldu. Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında Azərbaycan cəmiyyətindəki yüksək həmrəylik ruhu mühüm rol oynadı. Bütün dünya azərbaycanlılarının qəlbi qüdrətli dövlətimizlə, milli birliyimizlə, həmrəyliyimizlə döyünür. Yeni il dövlətimizə, xalqımıza, hər bir azərbaycanlıya yeni-yeni uğurlar gətirsin!”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi, mənəvi yükünün böyük olduğunu qeyd edib. Bildirib ki, dünyanın hər yerində soydaşlarımızı vahid milli maraqlar birləşdirir: “50 milyondan artıq azərbaycanlı bu adı ləyaqətlə təmsil edir. Bizi azərbaycanlı edən dəyərlər sistemini daha dərindən öyrənməli və təbliğ etməliyik. İnformasiya müharibəsində hər bir azərbaycanlı Azərbaycanın həqiqətlərini, postmüharibə dövrünün reallıqlarını çatdırmalıdır”.

BDU-nun Mədəni İrsi Araşdırmalar Mərkəzinin direktoru Musa İsmayılov, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova və Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Asəf Hacıyev çıxışlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən söz açıb, bu ənənənin dünya azərbaycanlılarının milli kimliyinin inkişafındakı önəmindən bəhs ediblər.

Daha sonra BDU-nun əcnəbi tələbələrinin təbrik videosu nümayiş etdirilib.

Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

Seçilən
37
50
azertag.az

10Mənbələr