Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Əli Məsimli: “İslahatlar pensiya yaşının artırılması ilə deyil, maliyyə bazasının genişləndirilməsi yolu ilə aparılmalıdır”
Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli Konstitusiya və Suverenlik ilinin başa çatması fonunda Azərbaycanın son illərdə əldə etdiyi siyasi, hərbi və iqtisadi nailiyyətlər, eləcə də qarşıda duran əsas sosial-iqtisadi çağırışlarla bağlı fikirlərini bölüşüb.
Deputat bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” kimi başa çatması Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələdir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub və iki əsrlik problem həll edilib. Əli Məsimli qeyd edib ki, həmin günləri “iki əsrə bərabər günlər” adlandırmaq olar.
Millət vəkili vurğulayıb ki, Azərbaycan müharibədən sonrakı dövrdə də bir zamanlar mümkünsüz görünən nəticələr əldə etməkdə davam edir. Onun sözlərinə görə, beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar nəticəsində bölgədə yerləşdirilmiş Rusiya hərbi kontingenti Azərbaycan ərazisini nəzərdə tutulandan xeyli tez tərk etməli olub və Cənubi Qafqazda illərlə işlək olan təsir mexanizmləri artıq gücünü itirib. Bu proseslərin Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeni orbitə çıxmasına şərait yaratdığını bildirib.
Əli Məsimli avqust ayında Vaşinqtonda imzalanmış üçtərəfli Birgə Bəyannamənin və Azərbaycan–Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunan razılaşmaların xüsusi əhəmiyyət daşıdığını deyib. O qeyd edib ki, Vaşinqton razılaşmaları Cənubi Qafqazın gələcək geosiyasi düzənini formalaşdıran mühüm sənəddir və bu razılaşma Azərbaycan üçün diplomatik müstəvidə növbəti böyük qələbədir. Deputatın sözlərinə görə, bu sənəd faktiki olaraq Azərbaycan və Ermənistanı böyük sülhə aparan yol xəritəsidir.
Millət vəkili işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə də toxunub. O bildirib ki, 2020-ci ildən 2026-cı il də daxil olmaqla dövlət büdcəsindən bu ərazilərə 25 milyard manatdan çox vəsait ayrılıb, 2026-cı ildə isə əlavə 3,5 milyard manat yönəldilməsi nəzərdə tutulur. Bu vəsaitlərin Böyük Qayıdış proqramının sürətlənməsinə ciddi təkan verəcəyini vurğulayıb.
Əli Məsimli qeyd edib ki, Milli Məclisdə qaldırdığı əsas məsələlər arasında regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması, kiçik və orta biznesin genişləndirilməsi xüsusi yer tutur. O, Prezident İlham Əliyevin regionlarla bağlı iqtisadi, sosial və ekoloji yanaşmanın vəhdətdə aparılması ilə bağlı fikirlərinə istinad edərək, yerlərdə sosial həyatın yaxşılaşdırılmasının və yaxşı maaşlı iş yerlərinin yaradılmasının vacibliyini bildirib.
Deputat pensiya məsələsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, pensiya təkcə sosial yox, həm də ciddi siyasi məsələdir və bu sahədə islahatlar pensiya yaşının artırılması istiqamətində deyil, maliyyə bazasının genişləndirilməsi yolu ilə aparılmalıdır. Əli Məsimli məşğulluğun qeyri-şəffaf hissəsinin leqallaşdırılmasının Dövlət Sosial Müdafiə Fonduna əlavə vəsait cəlb etməyə imkan verəcəyini deyib. O, həmçinin pensiya kapitalından vaxtından əvvəl istifadə edilməsi və vətəndaş pensiya yaşına çatmadan vəfat etdikdə həmin vəsaitin vərəsələrinə verilməsi təkliflərini səsləndirib.
Millət vəkili erkən təqaüd mexanizminin genişləndirilməsini də təklif edib. Onun sözlərinə görə, hazırda yalnız beş və daha çox uşağı olan qadınlara şamil edilən bu hüquq üç və daha çox uşağı olan ailələrə də aid edilməlidir.
Əli Məsimli manatın alıcılıq qabiliyyətinin azalmasının əhalinin güzəranına mənfi təsir göstərdiyini bildirib. O vurğulayıb ki, manatın məzənnəsi sabit qalsa da, qiymət artımları davam edir və bu vəziyyətlə mübarizə üçün Rəqabət Məcəlləsi tam gücü ilə işləməli, inhisarçılıqdan qaynaqlanan qiymət manipulyasiyalarının qarşısı alınmalıdır.
Deputat Şəki və Qax rayonlarında qazlaşdırma problemini də gündəmə gətirib. Onun sözlərinə görə, bu rayonlarda onlarla yaşayış məntəqəsi hələ də qazlaşdırılmayıb və bu, həm əhalinin həyat şəraitinə, həm də ekoloji tarazlığa mənfi təsir göstərir. Əli Məsimli İlisu Milli Parkı ərazisində yerləşən kəndlərin prioritet qaydada qazlaşdırılmasını və həmin ərazilərdə infrastrukturun kompleks şəkildə inkişaf etdirilməsini vacib hesab etdiklərini bildirib.
Rasim Əliyev
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.