AZ

Şəhərsalma Komitəsi süründürməçilikdən əl çəkmir – Prezident fərmanı icra olunmur

Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2181 saylı Fərmanı qəbul ediləndə bu sənəd dövlət-vətəndaş münasibətlərində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilmişdi.


Məqsəd açıq və aydın idi. İllərlə sənədsiz qalmış obyektlərin leqallaşdırılması, sahibkarlıq mühitinin sağlamlaşdırılması, minlərlə iş yerinin hüquqi əsaslara keçməsi və nəticə etibarilə dövlət büdcəsinə milyonlarla manat əlavə vəsaitin cəlb olunması. Prezident fərmanı vətəndaş və  iqtisadiyyat üçün ümid yaratmışdı. Kağız üzərində ideal görünən bu islahat icra mərhələsində ciddi problemlərlə üz-üzə qalıb. Son aylarda xüsusilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində formalaşan mənzərə fərmanın ruhu ilə tam ziddiyyət təşkil edir. Proses adətən eyni ssenari üzrə başlayır, vətəndaş müraciət edir, iş nömrəsi verilir, icraçı təyin olunur. Bundan sonra isə mexanizm sanki dayanır. İcraçı ilə əlaqə yaratmaq mümkün olmur, telefon zənglərinə cavab verilmir, nə şifahi, nə də yazılı izahat təqdim edilir. Vətəndaş aylarla gözləməyə məhkum edilir və hüquqi qeyri-müəyyənlik içində qalır. Bu artıq texniki nasazlıq və ya fərdi səhlənkarlıq deyil. Bu, açıq şəkildə idarəetmə böhranının əlamətidir. Dövlət məmurunun funksiyası vətəndaşı qapı-qapı gəzdirmək yox, prezident fərmanının icrasını təmin etməkdir. Özünü “əlçatmaz” göstərən, vətəndaşla ünsiyyətdən yayınan məmur modeli hüquqi dövlətdə qəbuledilməzdir və faktiki olaraq vətəndaş hüquqlarının pozulması deməkdir. Məsələnin konkret nümunəsi də var. Prezident fərmanının icrası ilə bağlı №015920 saylı iş artıq 2 aydan çoxdur ki, faktiki olaraq hərəkətsiz vəziyyətdədir. İcraçılarla əlaqə qurmaq mümkün deyil.

Qurum tərəfindən obyektlə bağlı iradlar irəli sürülür, lakin bu iradların nədən ibarət olduğu, necə aradan qaldırılacağı və hansı hüquqi əsaslara söykəndiyi barədə heç bir açıq kommunikasiya aparılmır. Nəticədə proses süni şəkildə uzadılır. Daha paradoksal məqam isə ondan ibarətdir ki, fərmanda açıq şəkildə 15 iş günü müddəti göstərildiyi halda, reallıqda bəzi istismara icazə sənədləri 6-8 ay gecikdirilir. Bu müddətdə sahibkar obyektini tam hüquqi əsaslarla istismar edə bilmir, maliyyə itkiləri ilə üzləşir və dövlətin elan etdiyi islahatlara olan inamını itirir. Problemin miqyası yalnız sıravi icraçılarla məhdudlaşmır. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovun qəbuluna yazılmaq cəhdlərinin cavabsız qalması, qurumun rəsmi sosial media səhifələri üzərindən edilən müraciətlərin tam susqunluqla qarşılanması vətəndaşla dövlət arasında dialoqun faktiki olaraq kəsildiyini göstərir. Vətəndaşlar da sual edirlər ki, əgər müraciətlər cavabsız qalırsa, ictimaiyyətlə əlaqə anlayışı nəyə xidmət edir? Daha ciddi və düşündürücü məqam isə Komitə sədri Anar Quliyevə ünvanlanan rəsmi müraciətlərin araşdırılmadan, əvvəlki cavabların olduğu kimi “copy-paste” edilərək geri göndərilməsidir. Bu yanaşma dövlət idarəçiliyində məsuliyyət prinsipinin formal xarakter daşıdığını və vətəndaş müraciətlərinin sadəcə hesabat xatirinə cavablandırıldığını deməyə əsas verir.

uhuhuhuhuh.jpg (89 KB)


Musavat.com-a müraciət edən vətəndaş Məhəmməd Məmmədov deyir ki, artıq məsələ məhkəmə müstəvisinə keçib. Bakı İnzibati Məhkəməsinin 24.11.2025-ci il tarixli qərarına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ona tabe qurumlara qarşı iş üzrə məhkəmə hazırlıq iclası 19 fevral 2026-cı il tarixinə təyin edilib:
“Prezident fərmanlarının məntiqi nəticəsi real icra və konkret nəticə olmalıdır. Fərman var, icra mexanizmi məmur laqeydliyi,  süründürməçiliklə bloklanır. Bu artıq dövlət siyasətinə zərbədir. Dövlət büdcəsinə daxil ola biləcək milyonlarla manat vəsaitin gecikməsi, sahibkarın zərər görməsi və ən əsası vətəndaşın hüquqi çıxılmazlıqla üzləşməsi ortadadır”.
Musavat.com
Seçilən
8
50
yenilik.az

10Mənbələr