AZ

Cənubi Qafqazın ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf mərkəzinə mediatur təşkil olunub

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində mediatur keçirilib.

AZƏRTAC xəbər verir ki, media nümayəndələri Cənubi Qafqazın ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf mərkəzində həssas kateqoriyalardan olan şəxslərin yaradıcılıq imkanlarını genişləndirmək üçün yaradılan şəraitlə tanış olublar.

Mərkəzin direktoru Elnarə Ənsari mediatur iştirakçılarını mərkəzin fəaliyyəti, həyata keçirilən inklüziv layihələr və yaradıcı istiqamətlər üzrə görülən işlər barədə məlumatlandırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ildə açılışı olan mərkəzdə bu vaxtadək 900 nəfərdən çox vətəndaş xidmətlərdən yararlanıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış mərkəzdə şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin üzvləri, əlilliyi olan şəxslərə təlimlərlə yanaşı, sosial-pedaqoji inkişaf və psixoloji dəstək xidmətləri göstərilir.

Hazırda mərkəz, onun İsmayıllı “DOST Evi” filialı və Qarabağ “DOST Evi” şöbəsində 5 həssas kateqoriyadan 281 nəfər 14 yaradıcılıq istiqaməti üzrə bacarıqlarını inkişaf etdirir.

Bu il ərzində həssas kateqoriyalardan olan 261 yeni benefisiar mərkəz və filiallarına qəbul olunub.

Mərkəz və filiallarında inklüziv cəmiyyətin inkişafına, həssas qruplardan olan şəxslərin sosial adaptasiyasına töhfə məqsədilə 150-dən artıq tədbir təşkil edilib.

Bildirilib ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi bu il Yaponiyada keçirilən “Osaka, Kansai Ekspo 2025” Ümumdünya sərgisində uğurla təmsil olunub.

Məzun benefisiarlar respublikanın ali təhsil ocaqlarında, o cümlədən Qarabağ Universitetində təhsillərini davam etdirirlər. Mərkəzin iki üzvü Prezident Mükafatına layiq görülüb. Ondan çox benefisiar mərkəz və filiallarda təlimçi kimi fəaliyyətə cəlb olunub.

Media nümayəndələrinə mərkəzdə hazırlanan əl işlərinin satışı portalının hazırlanması ilə bağlı pilot layihəyə dair məlumat verilib. Bildirilib ki, portal vasitəsilə mərkəzin benefisiarları olan həssas qruplara aid şəxslərin və təlimçilərin hazırladıqları əl işləri daha geniş auditoriyaya təqdim ediləcək. Layihə üzərində işlər tam yekunlaşdıqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcəyi vurğulanıb.

Media nümayəndələri yaradıcılıq studiyalarında təlim prosesi ilə tanış olub, yaradıcılıq məhsullarına baxıblar.

Mərkəzin bədii oyma üzrə baş təlimçisi Asif Qasımov mərkəzdə bədii oyma sənəti üzrə bu illər ərzində 100-ə yaxın məzunun olduğunu, hazırda 12 benefisiarın bacarıqlarını inkişaf etdirdiyini deyib: "Sənəti peşəkar səviyyədə öyrənmək üçün iki il və daha çox müddətdə çalışmaq lazımdır. Bir əl işinin ərsəyə gəlməsi işin incəliyi və böyüklüyündən asılıdır. Elə işlər var ki, bir neçə günə tamamlaya bilərsən. Elə əl işləri də var ki, 6 aya qədər vaxt apara bilər. Tələbələrə gündəlik iki saat təlim keçirik. Onların bacarıqlarına uyğun işlər verdiyimiz üçün 15-30 gün ərzində bir işi tamamlayırlar. Kurs müddəti bir ildir. Benefisiarların əl işləri mərkəz tərəfindən keçirilən tədbirlərdə, sərgilərdə təqdim olunur".

Qumru Camalova isə oktyabrdan etibarən mərkəzin benefisiarları sırasına qoşulub. O, təsviri incəsənətə həvəsi olduğundan bu sahənin incəliklərini öyrənməyə qərar verib: "Təsviri incəsənətə marağım rənglərin ahənginə görə yarandı. Yəni onlar bir-birinə qarışanda sanki tammamlanır. Kəmalə xanımın sayəsində təsviri incəsənəti dərindən hiss edərək öyrənməyə başlayıram. Çox maraqlı sahədir. Daxili harmoniyaya səbəb olan incəsənət növüdür. Mən burada çox rahatlıq tapıram. Buraya gələndən sonra özümü kəşf etməyə və daha həvəsli olmağa başladım. Mərkəzdə həvəskarlıqdan peşəkarlığa doğru addımlayıram. İlk dəfə işlədiyim əsər milli atributları ifadə edir. Ümumilikdə isə milli atributları xoşlayıram, astronomiya, qalaktika ilə bağlı əsərlərə marağım var.

Özümü daha da təkmilləşdirmək, professional olduqdan sonra sərgilərdə iştirak etmək istəyirəm".

Daha sonra mərkəzin fəaliyyəti ilə bağlı suallar cavablandırılıb, media nümayəndələrinə benefisiarların əl işlərindən ibarət hədiyyə təqdim olunub.

Seçilən
44
40
azertag.az

10Mənbələr