AZ

Erden Timurun ifadəsi açıqlanıb:"GÜNDƏ 100–150 MƏNZİL SATDIĞIMIZ DÖVRDƏN SÖHBƏT GEDİR"

“Qalatasaray” klubunun keçmiş Sportif AŞ sədr müavini Erden Timur polis idarəsində ifadə verib. Kibercinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən alınan ifadədə Timura qanunsuz mərc oyunlarında adı hallanan Veysel Şahinlə münasibəti, Şahinin aldığı mənzillər, bu maliyyə əməliyyatlarının niyə şirkət hesabı əvəzinə şəxsi hesablar üzərindən aparılması və vəzifədə olduğu dövrdə Türkiyə Futbol Federasiyasına (TFF) yönəlik “təmiz əllər əməliyyatı” ilə bağlı açıqlamaları soruşulub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan “futbolda mərc və danışılmış oyunlar” istintaqı çərçivəsində saxlanılan Erden Timurun ifadəsi tamamlanıb. İfadə zamanı Timura bir sıra suallar ünvanlanıb. Timurdan həmçinin, mərc baronu kimi tanınan Veysel Şahinin “sağ qolu” olduğu deyilən Derkan Başerin uşaqlarının 9 fevral tarixində oynanan "Qalatasaray" – "Adana Demirspor" matçında niyə futbolçularla birlikdə mərasimə çıxmaları da soruşulub.

 Timur ona yönəldilən ittihamları rədd edib:  “Veysel Şahin adlı şəxslə heç bir təmasım olmayıb. Derkan Başer adlı şəxsi, onun həyat yoldaşını və uşaqlarını tanımıram. Bu şəxsin uşaqlarının matç mərasimində olmasının mənimlə heç bir əlaqəsi yoxdur. İrəli sürülən ittihamların heç birini qəbul etmirəm. NEF-in və şəxsimin bu cür məsələlərlə ittiham olunması böyük haqsızlıqdır.”

Şirkətim bu günə qədər təxminən 46 min mənzil və torpaq sahəsi satıb

Erden Timur Eyüp Ur və Veysel Şahin ilə ticari əlaqəsinin olub-olmaması barədə sualı belə cavablandırıb:  “Eyüp Ur adlı şəxsi tanımıram. Veysel Şahin adlı şəxsi də şəxsi olaraq tanımıram. Veysel Şahin 2014-cü ildə 22 ədəd, 2015-ci ildə isə 2 ədəd olmaqla Davutpaşa/Zeytinburnu bölgəsindəki NEF13 layihəsindən 57 kvadratmetrlik daşınmaz əmlak alıb. Bu əmlaklar 26 ay hissə-hissə ödənişlə alınıb. Həmin dövrdə bu layihədən təxminən min mənzil satmışdıq. Satılan bütün əmlaklarla müqayisədə bu satışlar əmsalları ilə eyni qiymətə həyata keçirilib. Bütün satış sənədləri vəkillərim tərəfindən dosyaya təqdim ediləcək. Şirkətim bu günə qədər təxminən 46 min mənzil və torpaq sahəsi satıb.”

Veysel Şahini 2017-dən sonra öyrəndik

Timur bildirib ki, 2014–2015-ci illərdə açıq mənbələrdə Veysel Şahin haqqında qanunsuz mərc və ya başqa cinayətlə bağlı heç bir məlumat olmayıb. Onunla bağlı ittihamlar 2017-ci ildən sonra ictimaiyyətə yansıyıb. Şahinin aldığı 24 mənzil BTE Kağıthane Gayrimenkul Yatırım ve Ticaret adına qeydiyyatdadır və 2017-ci ildə polis tərəfindən verilən şifahi məlumatdan sonra çıxarışların verilməsi dayandırılıb. Timur əlavə edib ki, şirkət ildə minlərlə mənzil satdığı üçün ödəmələrin kim tərəfindən edildiyini bilməsi mümkün deyil. Mənzil alanların taksitlərini ailə üzvləri və ya yaxınları ödəyə bilər və şirkətin alıcılar barədə araşdırma aparmaq, GBT/UYAP sorğusu etmək kimi qanuni öhdəliyi və imkanı yoxdur.

İldə təxminən 180–220 min taksit ödənişi olur

MASAK hesabatlarında adı keçən Eyüp Uru tanımadığını bildirən Timur deyib ki, göstərilən pul köçürmələri 24 mənzilin aylıq taksit ödənişləridir. Şirkətə bir il ərzində təxminən 180–220 min taksit ödənişi daxil olur və bunların kim tərəfindən edildiyini ayırd etmək mümkün deyil:  "Bəzi günlərdə gündə 100–150 mənzil satdığımız layihələrimizin olduğu bir dövrdən söhbət gedir. Eyni layihə çərçivəsində, eyni dövrdə bu alımdan daha çox sayda daşınmaz əmlakın bir dəfəyə toplu şəkildə satıldığı hallar da olub. Bu məsələ ilə bağlı lazımi sənədlər vəkillərim tərəfindən iş materiallarına təqdim ediləcək. Hətta iqtisadi şəraitin bu dövrdən daha pis olduğu sonrakı illərdə belə, iki gün ərzində 490-dan çox mənzil satan bir şirkət olaraq, kimin alıcı olduğunu bilməyim mümkün deyil. Bu rəqəmlərlə bağlı notarial sənədlər də vəkillərim tərəfindən dosyaya təqdim ediləcək".

İfadə ilə bağlı bütün sənədlərin və müqavilə nümunələrinin vəkillər tərəfindən Prokurorluğa təqdim ediləcəyi qeyd olunub.

Seçilən
4
50
ikisahil.az

10Mənbələr